Yeni yaradılan aqroparkın suvarılması üçün 12 kilometr su xətti çəkiləcək
28 aprel 2017 | 16:00
Samux və Goranboy rayonları ərazisində yaradılan aqroparkı suvarma suyu ilə təmin etmək üçün Samuxun Əhmədbəyli kəndi ərazisindən 12 kilometr uzunluğunda su xətti çəkiləcək.
Bu vaxta qədər boru xəttinin keçdiyi marşrut üzrə torpaq mülkiyyətçiləri müəyyən edilib, onlarla müvafiq izahat işləri aparılıb. Mülkiyyətçilərə ödəniləcək kompensasiyaların miqdarının hesablanması üçün rayonda komissiya yaradılıb. Müəyyən olunub ki, su kəməri dövlət və bələdiyyəyə məxsus torpaqlarla yanaşı, Samux rayonunun Əhmədbəyli kəndində 16, Əlibayramlı kəndində isə 23 torpaq mülkiyyətçisinin sahəsindən keçəcək.
Hazırda tutumu 100 min kubmetr olan su anbarının tikintisi üçün ərazidə qazıntı işləri aparılır.