Elmi-praktik konfrans keçirilmişdir.
Mayın 7-də Samux rayon İcra hakimiyyətinin iclas zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş Elmi-praktik konfrans keçirilmişdir. Konfrans başlamazdən əvvəl Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və konfrans iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər goymuşlar.
Konfransın əvvəlində Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Konfransı giriş sözü ilə açan icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışmışdır. Azərbaycanın müasir tarixinin Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədar olduğunu vurğulayan Alı Qocayev bildirmişdir ki, ölkəmizin çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu vardır. Azərbaycan xalqının Heydər Əliyev irsinə sadiqliyi, onun siyasətinin alternativsizliyini birmənalı şəkildə qəbul etməsi dahi şəxsiyyətin ideyalarının həmişəyaşarlılığının və onun tarixi missiyasının yeni şəraitdə davam etdirilməsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızın bütün sahələrdəki qüdrətli inkişafı və bu inkişafın nəticələri ölkəmizin və xalqımızın gələcək taleyinə çox yüksək təsir göstərmək imkanında olduğu xüsusi qeyd edilmişdir.
Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova məruzə ilə çıxış etmişdir. Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu vurğulayan məruzəçi, böyük dövlət xadiminin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının xalqımıza baha başa gəldiyini, Ermənistandan 250 mindən artıq azərbaycanlının sürgün edildiyini, ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın doğma yurdlarından didərgin düşdüyünü diqqətə çatdırmışdır. Natiq 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndərin bütün çətinliklərə sinə gərərək dövləti zamanın ağır sınaqlarından mərdliklə çıxardığını, məhvolma təhlükəsindən xilas etdiyini, vətəndaş müharibəsinə son qoyduğunu, ölkəmizin siyasi və iqtisadi yüksəlişi üçün etibarlı baza yaratdığını bildirmişdir. Qeyd edilmişdir ki, ümummilli liderin uzaqgörən siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü həyata keçirilməsi nəticəsində ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmuş, inkişafın Azərbaycan modelini yaratmışdır.
Konfransda çıxış edən digər natiqlər- rayon ağsaqqalı Nizami Əliyev, Bələdiyyə sədri Şəmistan Yusifov və müəllim Garay Bayramov çıxışlarında bildirmişdir ki, Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər hər zaman yetişmir. Belə şəxsiyyətlər öz xalqlarının həyatının ağır və böhranlı dövrlərində tarix səhnəsinə çıxıb öz müqəddəs missiyalarını yerinə yetirirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın fəlakətlə üz-üzə qaldığı bir dövrdə ümummilli lider həyatını təhlükəyə ataraq tariximizə milli dövlətçiliyin xilaskarı kimi daxil oldu. Belə bir ağır vəziyyətdə ulu öndər ölkə daxilində siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin vəzifənin öhdəsindən məharətlə gəldi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan bir qrup gəncə üzvülük biletləri təqdim olundu. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şahmat turnirinin, futzal üzrə rayon birinciliyinin, inşa yazı müsabiqəsini və diğər yarışların qaliblərinə diplomlar və qiymətli hədiyyələır verildi.