Samux rayonu Heydər Əliyev Mərkəzində “Məişət zorakılığna qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Samux rayonu Heydər Əliyev Mərkəzində Samux rayon ictimaiyyətinin, müxtəlif dövlət orqanları və QHT nümayəndlərinin, Samux rayon polis şöbəsinin əməkdaşının iştirakı ilə “Məişət zorakılığna qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə giriş sözü ilə açaraq məişət zəminində törədilən zorakılıqla mübarizədə əhali arasında hüquqi maarifləndirmənin vacib olduğundan, bu tipli tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Tədbir iştirakçılarına Müvəkkil xanım Elmira Süleymanovanın salamlarını çatdıran Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd etmişdir ki, keçirilən tədbir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”-na uyğun olaraq məişət zorakılığına qarşı mübarizə ilə bağlı qəbul edilmiş qanunun və digər normativ sənədlərin təbliği məqsədini daşıyır. Bildirilmişdir ki, hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik islahatları uğurla davam etdirilməkdədir. Həmin islahatın məntiqi nəticəsi kimi bir sıra qanunlarla yanaşı 22 iyun 2010-cu il tarixdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edən və tənzimləyən mühüm bir qanun –Məişət zorakılığının qarşısının alınması haqqında AR-nın qanunu qəbul edilmişdir. Məruzəçi tərəfindən qeyd edilən qanunun müddəaları, həmçinin Ombudsman təsisatı tərəfindən bu sahədə həyata keçirilmiş tədbirləri, ərizə şikayətlərə baxılması qaydaları, Müvəkkilin səlahiyyətləri, regional mərkəzlər, regional mərkəzlərə müraciət etmək qaydaları barəsində ətraflı məlumatlar verilmişdir.
Mövzu ilə bağlı Samux RPŞ-nin İTB-nin əməkdaşı və digər iştirakçılar çıxışlar edərək cəmiyyətdəki məişət zorakılığı problemi ilə bağlı münasibətlərini bildirmişlər. Tədbir iştirakçılarını maraqladıran suallar cavablandırılmışdır.
Tədbir iştirakçıları aktual mövzularda mütəmadi olaraq təşkil edilən hüquqi maarifləndirmə tədbirlərinə görə Müvəkkil xanım Elmira Süleymanovaya təşəkkürlərinin çatdırılmasını xahiş etmişlər.