Rayonda ictimai dinləmə keçirilib.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Ombudsman Elmira Süleymanova tərəfindən 29 aprel 2013-cü il tarixdə ictimai dinləmə keçirilib .
İctimai dinləmədə rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, dairə seçki komissiyalarının və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli qeyri-hökumət təşkilatların və KİV-in nümayəndələri, qadınlar, gənclər, ziyalılar, şəhər və kənd sakinləri iştirak edib.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbiri açaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanı və tədbir iştirakçılarını salamlayaraq, cəmiyyətin bütün sahələrində insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi olduğunu vurğulayıb.
Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi sahəsində geniş nitq söyləyən Ombudsman E.Süleymanova rayon ictimaiyyəti ilə mövzu üzrə geniş müzakirələr aparıb. Müvəkkil 2013-cü ilin Azərbaycanda prezident seçkiləri ili kimi mühüm əhəmiyyət kəsb etdiyini, seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq, ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini bildirib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulayıb. Ombudsman eyni zamanda bəzi problemləri də qeyd edib.
Tədbirdə rayon məhkəməsinin hakimi Nizami Hümbətov, rayon prokuroru Nürəddin Qasımov və dairə Seçki Komissiyasının sədri Bayram Qasımov çıxış etmişlər.
Tədbirin sonunda Elmira Süleymanova Ombudsman təsisatının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulayıb.