Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “31 Mart- Azərbaycanlıların Soyqrımı Gününə” həsr olunmuş Elmi-praktik konfrans keçirildi.

31 mart 2017 | 16:00

Soyqrım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev bildirdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırımı  Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
Daha sonra çıxış edən Samux  şəhər  2  saylı  tam  orta məktəbin  müəllimi Aidə Namazova qeyd etdi ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdırlmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür.
Konfransın sonunda çıxış edən Qarayeri qəsəbə 2 saylı tam orta    məktəbin müəllimi Nurlana Kazımova xüsusi olaraq vurğuladı ki, Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-cı illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

Keçidlər