Samux rayonunda “31 mart-Soyqırımı günü” münasibəti ilə “Soyqırımı dünyaya çatdıraq “ başlığı altında dəyirmi masa təşkil olundu.
30 Mart 2016-cı il tarixdə Rayon İcra Hakimiyyətinin dəstəyi , Gənclər və İdman İdarəsinin və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Samux rayon bölməsinin birgə təşkilatçılığı ilə 31 mart soyqırımı münasibəti ilə “Soyqırımı dünyaya çatdıraq “ başlığı altında dəyirmi masa təşkil olundu. İlk öncə 31 mart soyqırımı zamanı və ümumilikdə Qarabağ müharibəsi zamanı həyatlarını itirmiş və həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açıq elan edən Gənclər və İdman İdarəsinin rəis müavini Eynur Fərmanlı geniş çıxışında tədbir iştirakçılarına 31 mart soyqırımı barədə danışdı , ermənilərin xalqımıza qarşı yüz illərlə bundan qabaq başlatdığı milli qırğın , işğalçılıq siyasətinin bu gündə davam etdiyini qeyd etdi. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev çıxış edərək 31 mart soyqırımı haqqında danışaraq, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi soyqırım, vəhşiliklərin dünyada tayı bərabəri olmayan ədalətsizlik olduğunu qeyd etdi. Daha sonra Qarabağlar kənd tam orta məktəbinin direktoru Elmira Aslanova , direktor müavini Rövşən Yuisifov, gənclərin çağırışa qədərki hazırlığı və hərbi müəllimi Rabil Məmmədov, Bədən tərbiyəsi və idman müəllimi Rafiq Vəliyev çıxışlarında tədbir iştirakçılarına soyqırım barədə geniş məlumatlar verdilər, şagirdlər soyqırım barədə öz fikirlərini bildirdilər. Tədbirin bədii hissəsində məktəb şagirdləri 31 mart soyqırımı barədə şeirlər dedilər. Sonda Gənclər və İdman İdarəsinin nümayəndələri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.