Samuxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib
Təhsil, Gənclər və İdman, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Samux şəhər 3 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. İlk olaraq məktəblilər hazırladıqları bədii kompazisiyalarla çıxış ediblər. Daha sonra çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin nümayəndəsi Rüstəm Xuduyev və digərləri çıxışlarında dövlətimizingənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu nəzərə çatdıraraq, belə tədbirlərin keçirilməsində əsas məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq olduğunu qeyd ediblər.
“Şahin” hərbi-idman oyununda Samux rayon ümumi təhsil məktəbləri üzrə ümumilikdə 350 nəfərə yaxın şagird iştirak edib. Məktəblər üzrə yaradılmış komandalar iki mərhələdə səkkiz idman növü üzrə müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər. İlk olaraq şagirdlər təntənəli marşla tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Daha sonra isə komandalar fiziki hazırlıq, maneənin dəf olunması, mülki müdafiə hazırlığı, qaçış, tullanma və çətin maneələri aşma kimi mərhələlərdə öz qüvvələrini sınayıblar. Hərəkətlər yarış hakimləri tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilib.
Yuxarıda sadalanan yarış növlərində göstərdikləri nəticəyə uyğun olaraq ən yüksək balı toplayaraq şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri yarışın qalibi elan olunublar. Qeyd edək ki, qalib komanda Şəmkir şəhərində təşkil olunacaq zona birinciliyində iştirak etmək hüququ əldə ediblər.