2013-cü ilin birinci rübünün yekunları müzakirə olunmuşdur.
24 aprel 2013-cü il tarixində Samux rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon hüquq - mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə müəssisə və təşkilat rəhbərləri, iş adamları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və mətbuat nümayəndələri iştirak edirdilər.
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd edilir ki, bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkədə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir.
Cənab Başçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ilin birinci rübündə əldə olunmuş uğurlara toxunaraq bildirmişdir ki, rüb ərzində respublikamızda ümumi daxili məhsulun həcmi 3,1 faiz artmış və bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Yəni ölkə iqtisadiyyatının inkişafının əsas göstəricisi olan qeyri-neft sektorunda 11,4 faiz artıma nail olunmuşdur. Bu isə öz növbəsində möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik iqtisadi islahatların məntiqi nəticəsi - ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığının azalması deməkdir. Bu gün ölkəmizin dayanıqlı inkişafı artıq reallıqdır. Azərbaycan öz daxili imkanlarına söykənən ölkələrdəndir. Yəni öz iqtisadi və siyasi inkişafını özü təmin edir. Ölkəmizin iqtisadi sahədə seçdiyi kurs beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Cənab Alı Qocayev rayonda görülən işlər haqqında geniş məlumat verdi. Bildirildi ki, respublikamızda sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdə Samux rayonunun da özünə məxsus payı vardır. Rüb ərzində bütün sahələrdə müsbət nəticələr əldə olunmuşdur. 2013-cü ilin birinci rübünün yekunlarının əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir. Belə ki, birinci rübdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 15,8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,2 faiz çoxdur. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye istehsalı 13,6 faiz artaraq 2,1 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 28,7 faiz artaraq 6,5 milyon manat, ticarət dövriyyəsi 33,3 faiz artaraq 6,2 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 32,1 faiz, əhalinin gəlirləri 5,4 faiz, orta aylıq əmək haqqı 4,1 faiz artmışdır.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 225 yeni iş yeri yaradılmışdır ki, onlardan da 114 iş yeri daimi, 111 iş yeri müvəqqəti iş yerləridir. Ümumilikdə ikinci Dövlət Proqramının icrasına başlanılandan bu günə qədər rayonda 1675-i daimi olmaqla 4249 yeni iş yeri yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq işləri birinci rübdə də uğurla həyata keçirilmişdir. İlk növbədə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında ötən ilin sonunda başlanmış yenidənqurma işləri yüksək sürətlə həyata keçirilmiş və hazırda son tamamlama işləri aparılır. Rüb ərzində parkda ümumi sahəsi 1400 kv.m. olan Heydər Əliyev mərkəzinin tikintisi tam başa çatmışdır. Mərkəzin tikintisində müasir memarlıq üslubundan və elementlərindən istifadə edilmişdir. Binanın fasadı qranit və yüksək keyfiyyətli aqlay daşları ilə işlənmişdir. Mərkəz Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat zalından, 3D formatlı filmlərin nümayişi və digər tədbirlər üçün nəzərdə tutulmuş zaldan və xidməti otaqlardan ibarətdir. Mərkəzdə eyni zamanda rəsm qalereyası, dil öyrənmə kursu və rəqs dərnəyi fəaliyyət göstərəcəkdir. Heydər Əliyev parkında sakinlərin rahat istirahəti üçün bütün şərait yaradılmışdır. Burada kafe, çay evi, uşaqlar üçün oyun zalı, 7 ədəd istirahət köşkü inşa edilmişdir.
Ötən il olduğu kimi, bu il də rayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Rüb ərzində Əhmədbəyli kəndində 360 şagird yerlik üçmərtəbəli, Qarabağlar kəndində 220 şagird yerlik ikimərtəbəli yeni məktəb binasının tikintisinə, Alabaşlı və Qırmızı Samux qəsəbə tam orta məktəblərində əsaslı təmir işlərinə başlanmışdır. Yaxın vaxtlarda Zazalı kənd tam orta məktəbinin binasının əsaslı təmirinə başlanacaqdır.
Ümumən ölkəmizdə olduğu kimi, rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir və təsadüfi deyildir ki, rüb ərzində 72 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır. Məlumat üçün bildirirəm ki, hazırda ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 82,6 faiz təşkil edir.
Rübün əvvəlindən yeni yaradılmış “Aqrikola” MMC istixana kombinatında faraş tərəvəz məhsullarının istehsalına başlanmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən yaradılacaq “Aqroenerjikompleksi”nin təməlinin qoyulmasında hazırlıq işlərinə başlanılmışdır.
Cənab Başçı qarşıda duran vəzifələrlə bağlı qeyd etdi ki, 2013-cü ilin birinci rübünün yekunları ilin əvvəlində qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən layiqincə gələcəyimizə əsas verir. Həmin vəzifələrdən bir neçəsi artıq reallaşmışdır. Belə ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın yenidən qurulması demək olar ki, başa çatmışdır. 2-ci rübdə parkın artırılmış hissəsinin tikintisini həyata keçirəcəyik. Eyni zamanda bütün qəsəbə və kəndlərdə yeni istirahət parklarının yaradılması üçün yerlər müəyyən edilmiş və layihələr hazırlanmışdır.
Şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması üzrə layihələr hazırdır və iyul ayında bu sahədə işlərə başlanacaqdır.
Rayonun qəsəbə və kəndlərində bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, məcburi köçkünlər üçün bir neçə çoxmənzilli yaşayış binalarının tikilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər aparılır.
Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və burada da artıq işlərə başlanılmışdır.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir. Bu sahədə də tədbirlər görülür. Çox böyük investisiya yatırımına malik “Aqroenerji” kompleksinin yaradılmasına başlanmışdır.
Məruzə ətrafında çıxışlarda rayon Maliyyə şöbəsinin müdiri Taryel Allahverdiyev, Elektrik Şəbəkəsinin rəisi Razim Qasımov, Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov və Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov çıxış etdi.
Vətəndaşlar tərəfindən müraciət və təkliflər səsləndirildi.
Hesabat yığıncağının Qərar layihəsi oxundu, əlavə və dəyişikliklərlə qəbul edildi.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.