Samux Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşan Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində dünyanın ən sabit və dinamik inkişaf edən bir ölkəsi kimi yüksək nüfuz qazanmışdır. Təsadüfi deyil ki, son illər Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar, dinamik sosial-iqtisadi inkişaf dünyanın aparıcı dövlətləri tərəfindən birmənalı olaraq bəyənilir və bir sıra nüfuzlu təşkilatların reytinq siyahılarında ölkəmiz qabaqcıllar sırasında yer alır. Bu, mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdə qərarlaşmışdır. Bundan əlavə, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun – Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə üç pillə irəliləyərək 40-cı yerdən 37-ci yerə yüksəlmişdir. MDB məkanında isə ölkəmiz bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı iclasdakı dərin və məzmunlu nitqlərində yola saldığımız ilin yekunlarına qiymət verərək və cari ildə ölkə iqtisadiyyatının qarşısında dayanan əsas strateji hədəfləri müəyyənləşdirdi.
Hesabat ilində neft gəlirlərinin azalması fonunda investisiyaların, xüsusən də dövlət investisiyalarının azalması hesabına ümumi daxili məhsul bir qədər aşağı düşsə də, digər makroiqtisadi göstəricilər uğurlu olmuşdur. Ötən il ölkəmizdə qeyri-neft sənayesi və kənd təsərrüfatı istehsalında müvafiq olaraq 5 faiz və 2,6 faiz artım qeydə alınmışdır. Bu da Azərbaycanda qeyri-neft dövrünün ilkin uğurlu nəticələri kimi dəyərləndirilə bilər. Cənab Prezident Nazirlər Kabinetinin iclasında sənaye və kənd təsərrüfatının hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən amillərdən olduğunu vurğulayaraq bildirmişdir ki, ötən il bu iki sahədə əldə olunmuş uğurlu göstəricilər deməyə əsas verir ki, Azərbaycan çətin və böhranlı şəraitdən şərəflə çıxa bilmişdir.
İl ərzində dövlət başçısı tərəfindən qarşıya qoyulan hədəfə çatmaq üçün bir sıra mühüm sənədlər qəbul olunaraq icraya yönəldilmiş, iqtisadiyyatın neft amilindən aslılığının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində qlobal maliyyə böhranının doğurduğu çətinliklərə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etmiş, nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunmuşdur. Yola saldığımız 2016-cı ildə iqtisadiyyatın neft və qaz sahələrində, eləcə də tikinti sektorunda istehsalın həcminin azalmasına baxmayaraq, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artmışdır. Bu da cənab İlham Əliyevin neftdən asılılığın minimum səviyyəyə endirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarının uğurla icra olunmasını təsdiqləyir.
Ölkə Prezidentinin 2016-cı il üçün müəyyənləşdirdiyi prioritetlər sırasında xarici investisiyaların Azərbaycana daha böyük həcmdə cəlb edilməsi də mühüm yer tuturdu. İl ərzində bu istiqamətdə böyük irəliləyişlərə nail olunmuş, xarici investorlar Azərbaycanda bir sıra sahələrə – qeyri-neft sənayesi, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarına maraq göstərməyə başlamış, bununla bağlı konkret müqavilələr imzalanmışdır. Yola saldığımız 2016-cı ildə Azərbaycan iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Ümumilikdə, ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 11,7 milyard dollar təşkil etmişdir. Daxili investisiyaların müəyyən qədər azalması neftin qiymətlərinin 3,4 dəfə aşağı düşməsi səbəbindən bəzi investisiya layihələrinin icrasında yaranmış vəziyyətlə bağlı olmuşdur. Ancaq bu da həqiqətdir ki, Azərbaycan iqtisadiyyatına bir ildə qoyulan xarici investisiyaların həcmi Gürcüstan və Ermənistan kimi ölkələrin bir illik dövlət büdcəsi səviyyəsindədir. Bu faktın özü Azərbaycan iqtisadiyyatının nə qədər qüdrətli olmasının göstəricisidir. Biz bu gün regionun ən güclü ölkəsinə çevrilmişik. Bütün sahələrdə əldə etdiyimiz uğurlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, ixracın və investisiyaların təşviqi mexanizmlərinin formalaşdırılması, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlərin (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilməsi, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulması, kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması da ölkədə investisiya mühitinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.
Azərbaycan üçün çətin sınaq dövrü kimi xarakterizə olunan 2016-cı ildə sosial siyasət də dövlətin əsas prioritetlərdən biri olmuşdur. Belə ki, il ərzində ölkəmizdə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Kommunal sahədə həyata keçirilən yeni qiymət siyasəti ilə əlaqədar əhalinin aztəminatlı hissəsinin mənafeyi nəzərə alınmış, qaz və işıq sərfiyyatına görə diferensial qiymət mexanizminin tətbiqinə başlanılmışdır. Gəlirlərimizin azalmasına baxmayaraq, ölkədə sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılmış, il ərzində 485 məktəb təmir edilmiş, 29 yeni məktəb tikilmiş, 41 xəstəxana inşa olunmuş və ya təmir edilmişdir. Bu da ölkəmizdə həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir. Bundan əlavə, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artmışdır.
Cari ildə ölkənin iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən biri də sənaye potensialının inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı bu məqsədlə ölkədə sənaye parklarının, sənaye zonalarının tikintisinin sürətləndirilməsi ilə bağlı ciddi addımlar atılmasının vacibliyini önə çəkərək bildirdi ki, dövlətin dəstəyi ilə görüləcək bu işlərdə yerli icra orqanları, sahibkarlar da yaxından iştirak etməlidirlər.
Ölkə iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verən cənab Prezident bu il pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsinin, fındıq, xurma, nar, badam və zeytun bağlarının genişləndirilməsinin vacibliyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, tütün və üzüm istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi bu sahədə ixrac imkanlarının genişləndirilməsinə imkan yaradacaq.
Son 13 ildə sosial-iqtisadi inkişafın bütün sahələrində yüksək nailiyyətlərə imza atan Azərbaycan Respublikası keçid dövrünü uğurla başa çatdırmağa nail olmuşdur. Hazırda isə ölkəmiz iqtisadiyyatın prioritet istiqaməti kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi xəttini götürüb. Bu isə o deməkdir ki, iqtisadi uğurlarımızın təməli qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə qoyulur. Bu məqsədlə artıq Azərbaycanda yeni hədəflər, inkişaf perspektivləri müəyyənləşdirilib.
Bütövlükdə isə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı proqram xarakterli yekun nitqində səsləndirilən müddəalar, qarşıya qoyulan vəzifələr onu deməyə əsas verir ki, 2017-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrinin icrası davam etdiriləcəkdir.
Yola saldığımız 2016-cı il rayonumuzun tarixində də uğurlu il kimi yadda qaldı. Ötən il rayonumuzda bütün sahələrdə yaxşı nəticələr əldə edilmiş, tikinti-quruculuq işləri davam etdirilmişdir. Rayon iqtisadiyyatının bütün sahələrində əsasən müsbət nəticələr əldə olunmuşdur. Belə ki, ilin əvvəlindən rayonda 111 milyon 83,3 min manatlıq və ya əvvəlki illə müqayisədə 13,2 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun həcmi 20,3 faiz artaraq 5 milyon 973,8 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 16,6 faiz artaraq 62 milyon 643,9 min manat, ticarət dövriyyəsi 11,8 faiz artaraq 31 milyon 867,3 min manat olmuşdur. Nəqliyyat müəssisəsi 2 milyon 907,8 min manatlıq və ya əvvəlki illə müqayisədə 3,5 faiz çox, rabitə müəssisələri 680,7 min manatlıq və ya 4,2 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiya 7 milyon 901,8 min manat təşkil etmişdir. O cümlədən, tikinti- quraşdırma işlərinə qoyulan investisiyanın həcmi 6 milyon 999,8 min manat olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 18 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Belə ki, hesabat dövründə rayonun Qarabağlar və Lək kəndlərində əhalinin içməli və məişət istifadəsi üçün su təchizatının yaxşılaşdırılması məqsədilə su xətləri çəkilmiş, bulaqlar inşa edilmişdir Qarabağlar kəndində 40 ədəd və Lək kəndində 32 ədəd bulaq inşa edilmişdir. Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında təmir işlərinə aparılmış və hər biri 1040 m2 olmaqla, ümumilikdə 7280 m2 dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Binaların fasad hissələri əsaslı təmir edilmiş, girişlərinə dəmir qapılar quraşdırılmış və ətraflarında abadlıq işləri həyata keçirilmişdir.
Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılaraq istifadəyə verilmiş, Samux şəhər 4 saylı uşaq bağçasında təmir işləri aparılmışdır. Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Rayonun Qarayeri qəsədəsində, Sərkar, Ziyadlı, Hacıalılı, Füzuli, Seyidlər və Qədli kəndlərində Kənd İnvestisiyası Layihəsi çərçivəsində küçə və yolların təmirinə, park və xiyabanların yenidən qurulması layihələrinin icrasına başlanmışdır. Layihə çərçivəsində Qarayeri qəsəbəsində 29 km, Sərkar kəndində 25,6 km, Ziyadlı kəndində 10,2 km, Seyidlər kəndində 7 km, Qədli kəndində 5 km, Füzuli kəndində 10,5 km, Hacıalılı kəndində 11 km və Alıuşağı kəndində 12 km, ümumilikdə rayon üzrə 110,3 km daxili yolda təmir işləri aparılmışdır. Təmir prosesində küçələrə qum-çınqıl qarışığı verilərək hamarlanmış, su keçidləri yenilənmiş, arxlar qaydaya salınmışdır. Su keçidlərinə Qarayeri qəsəbəsində 109 m, Sərkar kəndində 66 m, Ziyadlı kəndində 26 m, Hacıalılı kəndində 26 m, Füzuli kəndində 47 metr, Seyidlər kəndində 18 metr, Alıuşağı kəndində 70 metr boru istifadə olunmuşdur. Ziyadlı kəndində 1700 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Qarayeri qəsəbəsində Sərkar və Alıuşağı kəndlərinin hər birində 2 ədəd dayanacaq quraşdırılmışdır. Eyni zamanda layihə çərçivəsində Yuxarı Ağasıbəyli kəndinin küçələrinə 7480 metr uzunluğunda içməli su xətləri çəkilərək, 50 ədəd bulaq quraşdırılmışdır.
Əhmədbəyli kəndində uşaq bağçasının təmiri, Alabaşlı qəsəbəsində, Zazalı və Lək kəndlərində daxili yolların təmiri ilə bağlı layihələrin hazırlanması işləri aparılır.
Uzunluğu 6,5 km olan Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılmış, həmin yola yeni asfalt örtüyü salınmışdır.
Rayon mərkəzinin Şəhidlər küçəsi və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılmış, burada olan su keçidləri dəyişdirilmişdir. Həmin küçələrə 1160 metr uzunluğunda 6 metr enində yeni asfalt örtüyü çəkilmişdir. Şəhərin Babək və Alıncalı küçələrində əsaslı təmir işləri aparılmış yeni asfalt örtüyü salınmış, su keçidləri yenidən qurulmuşdur. Eyni zamanda 4 küçədə balans verilməklə hamarlama işləri aparılmışdır. Samux şəhər –Yenikənd yolunun 1,2 km hissəsinə yeni asfalt örtüyü salınmışdır.
Respublika əhəmiyyətli Alıuşağı-İmamzadə yolunun yenidən qurulması ilə bağlı yolun keçdiyi ərazilərdə abadlıq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Samux rayonunun Samux – Füzuli - Lək – Əlibayramlı – Qarabağlar - Çobanabdallı-Samux avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,9 milyon manat ayrılmışdır. Tikintinin icraçısı “Azəravtoyol” ASC tərəfindən tikinti davam etdirilmişdir. Belə ki, yolun 12 km hissəsində köhnə yol örtüyü qazılaraq kənarlaşdırılmış, yol örtüyünün 10 metr eninə alt qatı tikilmiş, keçid borularında betonla monolit bərpa işləri həyata keçirilmişdir. Eyni zamanda yolun Gəncə çayı ilə kəsişən hissəsində ikiaşırımlı, uzunluğu 63,3 metr olan dəmir-beton körpünün inşasına başlanmışdır. Hazırda işlər davam etdirilir.
2016-cı ildə bütün istiqamətlərdə yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir. Gəncə - Samux, Qovlarsarı-Qaraarx, Gəncə-Qarayeri, Samux-Lək, Samux- İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 133 min m2 sahədə təmir işləri aparılaraq, 142 ədəd siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir. Hesabat dövründə Gəncə-Samux, Samux-İnstitut, Gəncə-Qarayeri, Samux-Lək, Samux -Yenikənd avtomobil yollarında asfalt beton qarışığı ilə 48,1 min m2 sahədə təmir işləri aparılaraq 7550 ton miqdarında asfalt beton qarışığı işlədilmişdir.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, il ərzində 1288 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 40 hüquqi şəxsdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması üçün “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət üçün 5000 ha münbit torpaq ayrılmışdır. Cəmiyyət tərəfindən təsərrüfatda çalışacaq maşın-mexanizmlər gətirilmişdir. 13 km əsas su xətti çəkilmişdir. Kompleksin idarə edilməsində istifadə olunacaq yardımçı binaların tikintisi davam etdirilir. Həmin ərazidə 3000 hektar qarğıdalı əkilməsi həyata keçirilmişdir. Bu isə öz növbəsində yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verir.
Ölkə prezidenti cənab İlham Əliyevin pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafına dair tapşırıqları ilə əlaqədar Prezident administrasiyasında keçirilmiş müşavirədə verilmiş tövsiyyələr İcra hakimiyyətində geniş təhlil olunmuşdur. Tövsiyyələrə uyğun olaraq cari ildə rayonun Qırmızı Samux qəsəbəsi ərazisində 300 hektar sahədə “Qarabağ region” MKT MMC tərəfindən pambıq səpini aparılmışdır. Həmin sahələrin becərilməsinə 200 nəfərdən artıq yerli sakin mövsümü işçilər cəlb edilmişdir. Əkilmiş pambıq sahəsinin 260 hektarının suvarılması üçün “Pivot” müasir suvarma sistemindən istifadə edilir. 40 hektar sahə isə şırım üsulu ilə suvarılır. Sahələrdən 699,4 ton ağ qızıl toplanmışdır. Məsuldarlıq orta hesabla 23,3 sentner təşkil edir. Rayonda pambıq əkinlərinin artırılması və bu işə fermerlərin marağını artırmaq üçün geniş tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə istehsal olunan pambığın hər kiloqramına 0,1 manat subsidiya nəzərdə tutulmuşdur.
2017-ci ilin məhsulu üçün rayonda 505 hektar pambıq, 1500 hektar çuğundur əkilməsi nəzərdə tutulmuşdur. Bununla bərabər yaxın gələcəkdə rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə çəkil plantasiyalarının salınması nəzərdə tutulur.
Sarıqamış kəndi ərazisində iri buynuzlu mal-qara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər davam etdirilmişdir. Hazırda kompleksdə saxlanılan iribuynuzlu cins mal-qaranın sayı 3000 başdan çoxdur. Burada gün ərzində 32-35 ton süd istehsal olunur.
Rayona investisiya qoyuluşuna cəlb olunmuş “Ulduz 2011” MMC-yə Ceyrançöl və Bozdağ massivlərindən 2010 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaqlardan 1200 hektarının təyinatının dəyişdirilərək əkin məqsədi ilə istifadə edilməsi üçün Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətlər olunmuşdur. Təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsində taxıl, intensiv üsulla kartof, pambıq əkilməsi və meyvə bağlarının salınması nəzərdə tutulur. Burada 104 nəfər daimi işlə təmin olunacaqdır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa etdirilən “Aqroenerji” kompleksinin tikintisində işlər sürətləndirilmişdir. Burada 9 mindən çox günəş paneli quraşdırılmışdır ki, buda 2,8 meqa vatt günəş enerjisinin istehsal olunmasına imkan verəcəkdir. Hazırda istehsal olunan enerji 10 kv-lıq Seyidlər hava xətti vasitəsi ilə yaxın ərazidə yerləşən istixana kompleksinin tikintisini və digər obyekləri elektrik enerjisi ilə təmin edir. Kompleksin inzibati binasının daxilində aparılan işlər davam edir.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 47 layihə üzrə 590 min manat güzəştli kredit verilmiş və bunun hesabına 66 yeni iş yeri yaradılmışdır. 2002-2016-cı illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 666 layihə üzrə 28,0 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 1825 yeni iş yerinin açılmasına imkan vermişdir.
Rayon əhalisinin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Hesabat ilində rayonda 2134 yeni iş yeri yaradılmışdır ki, onlardan da 1590 iş yeri daimi iş yerləridir. Üçüncü Dövlət Proqramının icrası ərzində 3240-ı daimi olmaqla 3919 yeni iş yeri yaradılmışdır.
Son illərdə ölkəmizin Dövlət Büdcəsinə uyğun olaraq rayonumuzun yerli büdcəsi də ildən-ilə artır. Baza ili kimi 2006-cı ili (4202,7 min manat) qəbul etsək, son 10 ildə yerli dövlət büdcəmiz dinamik olaraq 3,1 dəfə artaraq, 2016-cı ildə 12960,0 min manat təşkil etmişdir. Rayonun yerli büdcəsinin gəlirləri 2738,0 min manat proqnoza qarşı 2792,3 min manat, yəni 102,0 faiz yerinə yetirilmişdir. 2016-cı maliyyə ilində rayonun yerli büdcəsi dürüstləşmələr nəzərə alınmaqla 13749,0 min manat və ya 106,0 faiz icra olunmuşdur. Aparılan təhlil göstərir ki, xərclərin 82,0 faizini (10618,0 min manatı) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir. Yerli dövlət büdcəmiz xərc maddələri üzrə əsasən icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 26 dekabr 2016-cı il tarixində keçirilmiş geniş müşavirədə səsləndirdiyi irad və qeydləri diqqətinizə çatdırmaq istəyirəm. İrad və qeydlər əsasən aşağıdakı sahələri əhatə edir:
- Yerlərdə kənd təsərrüfatı təyinatlı və dövlət ehtiyat fondu torpaqlarının istifadəsində qanunvericiliyin pozulması;
- Vətəndaşlara verilmiş pay torpaqlarının təyinatının qanunsuz olaraq dəyişdirilməsi;
- Bəzi torpaq sahələrinin bir neçə adamın adına sənədləşdirilməsi;
- Ümumtəhsil məktəblərində və uşaq bağçalarında qaydalara zidd olaraq valideynlərdən pul yığılması;
- Xəstəxanalarda xəstələrdən əlavə ödəniş tələb edilməsi və pulsuz verilməsi nəzərdə tutulan dərmanların gecikdirilməsi;
- Mədəniyyət müəssisələrinin fəaliyyətinin təşkilində yol verilmiş nöqsanlar nəticəsində burda çalışan işçilərə əmək haqqı borcunun yaranması;
- Qanunsuz inşa edilən fərdi evlərin və müxtəlif obyektlərin mövcudluğu və onların cəzasız qalması;
- Qum-çınqıl karxanalarının qanunvericiliyin tələblərinə əməl etməmələri;
- Dövlət idarə, müəssisə rəhbərləri tərəfindən büdcə vəsaitlərindən gəlir mənbəyi kimi istifadə etmələri və s.
Nəzərinizə çatdırıram ki, bu nöqsan və iradlarla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılmışdır. Konkret faktlar olmasa da, bəzi məsələlərlə bağlı siqnallar vardır. Aidiyyəti rəhbərlər, xüsusilə bələdiyyələr öz işlərinə ciddi yanaşmalı və özləri üçün lazımı nəticələr çıxarmalıdırlar.
Rayon iqtisadiyyatının əsasını aqrar sektor təşkil edir və cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2016-cı ilin məhsulu üçün 7920 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Bundan 3455 hektarı buğda, 3999 hektarı dən üçün arpa, 466 hektarı xəsil məqsədi ilə əkilmişdir. 5772 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır ki, bundan 415 ha çoxillik otlar, 651 ha şəkər çuğunduru, 1715 ha günəbaxan, 196 ha kartof, 764 ha tərəvəz, 127 ha yazlıq buğda, 481 ha yazlıq arpa, 362 ha bostan, 484 ha qarğıdalı, 330 ha pambıq, 18 ha paxlalılar, 207 ha toxum məqsədilə tərəvəz , 22 ha çəltik əkilmişdir.
Hesabat dövründə sahələrdən 24022 ton taxıl məhsulu yığılmışdır ki, orta məhsuldarlıq 29,5 sentner təşkil edir. Onun da 10641 tonu buğda (məsuldarlıq-29,7 sentner), 13381 tonu isə arpa (məsuldarlıq- 29,3 sentner) məhsuludur.
2016-cı ildə rayonda 2,3 min ton kartof, 10,5 min ton tərəvəz, 4,83 min ton bostan bitkisi, 3,5 min ton günəbaxan, 31,0 ton paxlalılar, 1,6 min ton qarğıdalı, 43,1 min ton şəkər çuğunduru istehsal olunmuşdur. Bununla bərabər bağlardan 16,4 min ton meyvə, 8,1 min ton üzüm yığılmışdır.
2017-ci il təsərrüfat ili üçün 15087 ha sahədə şum qaldırılmış, bundan 12361 ha sahədə payızlıq taxıl səpini aparılmışdır. Payızlıq səpininin 2877 hektarı dən üçün arpa, 8642 hektarı buğda, 842 hektarı isə xəsil məqsədilə əkilmişdir. Hal-hazırda yazlıq əkinə hazırlıq işləri davam etdirilir.
Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən 1209 nəfər buğda istehsalçısına 120,0 min manat məbləğində yardım Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, 1 907 saylı sərəncamına uyğun olaraq 2016-ci ildə rayonun 23 ərazi komissiyası üzrə 7803 nəfər istehsalçıya 868,0 min manat yardım hesablanmış və istehsalçılara ödənilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservis” filialı tərəfindən güzəştli şərtlərlə 358 istehsalçıya 950,8 ton güzəştli şərtlərlə gübrə satılmışdır ki, ondan da 850 tonu azot, 100,8 tonu isə ammofos gübrəsidir.
İlin sonuna iri buynuzlu mal-qaranın sayı 24227 baş olmuşdur. Bundan ana inək və camışların sayı 12078 baş təşkil edir. Qoyun və keçilərin sayı 162456 baş təşkil edir. Hesabat dövründə 5483 ton diri çəkidə ət, 29024 ton süd, 6108 min ədəd yumurta, 346 ton yun istehsal olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 41 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan da 30-u istifadəyə verilmişdir. Növbəti sərəncamlarla 2016-cı ildə rayonun ən çox ehtiyac duyulan ərazilərində daha 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Onlardan 8 ədədi qazılıb başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Şəmkir Su Paylayıcı Boru Kəmərinin tikintisi layihəsi çərçivəsində Alabaşlı qəsəbəsinin əkin sahələrinə 7,6 km su xətti çəkilmiş, 12 hidrant, 2 siyirtmə, 3 hidravlik lantusi və 4 qidalandırıcı quraşdırılmışdır. Bu da qəsəbənin əkin sahələrinin suvarılmasını əsaslı şəkildə yaxşılaşdıracaqdır.
2016-cı ildə 365 ədəd nasos, 95 ədəd elektrik avadanlığı təmir edilmişdir. Torpaqların suvarılması üçün kanallarda 471 min m3 lildən təmizləmə, 163 min m3 sahilbərkitmə işləri görülmüşdür. Kanallarda 60 ədəd hidrotexniki qurğu, 20 ədəd hidrotexniki postlar təmir edilmiş, 30,0 min m2 kol-koslardan təmizləmə işləri aparılmışdır. Gəncə çayında 32 min m3, Qabırrı çayında 16 min m3, Qoşqar çayında 12 min m3 əlavə sahilbərkitmə işləri görülmüşdür.
Bununla bərabər rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ suvarma suyuna, xüsusilə yay aylarında ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2017-ci ildə əkin sahələrinin daha da genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya olan tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2016-cı ildə 55 ədəd müxtəlif güclü transformator əsaslı, 75 ədədi isə cari təmir edilərək istismara verilmişdir. Qəsəbə və kəndlərdə 275 ədəd 0.4 kv-luq və 287 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir. Müxtəlif xətlər üzrə 29 km naqil yenisi ilə əvəz edilmişdir.
Hesabat dövründə 1 ədəd 110 kV-luq və 1 ədəd 35 kV-lıq yarımstansaiyanın yenidən qurulmasına başlanmış, ilin sonuna kimi istifadəyə veriləcəkdir. 31 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, onlardan 28-i istifadəyə verilmişdir. istifadəyə verilmiş, 11 ədəd yeni transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulmuşdur. 11 ədəd 35 kV-luq dayaq quraşdırılıb, 3,8 km 35 kV-luq xətt çəkilib, 393 ədəd 6-10 kv-lıq dayaq quraşdırılmış, 22,67 km 6-10 kV-luq xətt çəkilmiş, 90 ədəd 0,4 kV-luq dayaq quraşdırılmış 22,25 km 0,4 kV-luq xətt çəkilmişdir.
64,4 km magistral, 28,8 km abinent xətti olmaqla 93,2 km özü izolyasiya olunan xətt çəkilmiş, 1617 abonent dayağı , 1779 sayğac quraşdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 35 yaşayış məntəqəsindən 30-da mavi yanacaqdan istifadə olunur. Sentyabr ayında rayonun Qırmızı Samux qəsəbəsinə təbii qaz verilmişdir.
2016-cı ildə 635 yeni əhali abonenti qeydiyyata alınmışdır. Rayonun Əhmədbəyli kəndində diametri 159 mm-lik 1200 p/m uzunluğunda daşıyıcı qaz xətti dayaqlarla bərkidilərək nizama salınmış, Ziyadlı kəndində 159 mm-lik 3450 metr uzunluğunda qaz xətti yenisi ilə əvəz edilmiş və həmin xətlər boyanmışdır. Samux şəhərində həyətlərdə olan qaz xətləri küçəyə, Qarayeri qəsəbəsində və Lək kəndində yeraltı olan xətlər yerüstünə çıxarılmışdır. Ümumilikdə 2868 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur ki, bunlardan 827 ədədi itron tipli smart qaz sayğacları təşkil edir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2016-cı ildə əhaliyə xidmət edən 16 ədəd subartezian quyusundan 12 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 –lik su anbarından nasoslar vasitəsilə mənzillərə 24 saat məişət suyu verilir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 92,0 faizi, təbii qazın dəyərinin 93,7 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektirik enerjisi, təbii qaz və içməli su ilə təminatında müəyyən problemlər hələ də mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Samux rayonunda 17 avtomat telefon stansiyası fəaliyyət göstərir ki, bu da rayonun bütün yaşayış məntəqələrində telekominikasiya xidmətlərinin göstərilməsinə imkan verir. Rayonun avtomat telefon stansiyalarının ümumi montaj tutumu 8320 nömrə təşkil edir. Yüksəksürətli internet portalının tutumu 72 port artırılmış və Aztelekom.net internet portalının montaj tutumu 3592 porta çatdırılmışdır. Hazırda İnternet istifadəçilərinin sayı 3331 abunəçi təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 500 abunəçinin artmasını göstərir. Artıq ən ucqar kəndimz olan Burunqovaq kəndində də internet xidmətindən istifadə etmək mümkündür. Bununla bərabər bu sahədədə bir sıra nöqsanlar mövcuddur. İnternetin verilməsində fasilələrin yaranması istifadəçilərin haqlı narazılığına səbəb olur. Şəhər daxilində telefon dayaqlarının dəyişdirilməsinə və xətlərin səliqəyə salınmasına ehtiyac vardır.
Samux rayonunda əhaliyə poçt rabitəsi xidməti “Azərpoçt”MMC-nin samux filialı tərəfindən həyata keçirilir. Hal-hazırda əhaliyə 75-dən çox poçt xidmətləri göstərilir. Alıuşağı, Sarıqamış poçt şöbələri kompüterlə təmin edilmişdir. Alabaşlı qəsəbə, Seyidlər və Füzuli kəndində yeni poçt binalarının tikintisi nəzərdə tutulur.
2016-cı ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə birgə yaxından iştirak etmişdir. İl ərzində bələdiyyələr tərəfindən “Bir bələdiyyə- bir layihə” çərçivəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Bununla bərabər bələdiyyələrin fəaliyyətində də ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsində, torpaqların alqı-satqısı və icarəyə verilməsində, vergilərin yığılmasında olan nöqsanlar daha çoxdur. Hələ də qəsəbə və kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması təşkil edilməmişdir. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda təmin edilmir. Bu nöqsan və çatışmazlıqlar təxirə salınmadan öz həllini tapmalıdır. Bələdiyyə torpaqlarından və mülkiyyətlərində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə edilməlidir.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də əhalinin sosial müdafiəsi diqqətdə saxlanmışdır. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirmişlər.
2016-cı ildə rayon əhalisinin gəlirləri 138 milyon 378,6 min manat təşkil etmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,4 faiz çoxdur. Rayon üzrə pensiyaçıların ümumi sayı 7951 nəfər təşkil etmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 167,32 manat təşkil etmişdir ki, bu da ötən ildəkindən 7,2 faiz çoxdur. Təqaüd və müavinətlərin vaxtında verilməsi əsasən təmin olunmuşdur.
Ölkə başçısının “1941-1945-ci illər” müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən 76 nəfərə birdəfəlik maddi yardım çatdırılması təmin edilmişdir. Bunlardan 3 nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır və sərəncama əsasən onların hər birinə 1000 manat, digər kateqoriyalara 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir.
01 yanvar 2017-ci il tarixinə rayon üzrə 1276 nəfər ünvanlı dövlət sosial yardımı alır. Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına uyğun olaraq ünvanlı dövlət sosial yardımları 01 mart 2016-cı il tarixdən Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ilə elektron qaydada aparılır. Bu sistem vasitəsi ilə hesabat ilində 529 nəfər rayon sakininə ünvanlı sosial müavinət təyin olunmuşdur. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 169,53 manat təşkil etmişdir.
İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində 4 nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 01.01.2017-ci il tarixinə mənzil növbəsində 82 nəfər dayanır.
2016-cı ildə 3 Qarabağ müharibəsi əlili və 1 şəhid ailəsi fərdi mənzillə təmin edilmişdir. Ümumilikdə son 11 ildə 59 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuş, 2017-ci ildə 1 Qarabağ müharibəsi əlilinə və 2 şəhid ailəsinə fərdi mənzil tikiləcəkdir . Hesabat ilində 1 nəfər Qarabağ müharibəsi əlili fərdi minik avtomobili ilə təmin olunmuşdur. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və bir nəfər Çernobıl əlilinə fərdi minik avtomobili verilmişdir.
Rayon əhalisinin məşğulluğu da daim diqqətdə saxlanılmışdır. 2016-cı ildə rayonda iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı 31,9 min nəfər təşkil etmişdir. Onlardan 4,6 min nəfəri və ya 14 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olur. Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət edən 1350 nəfər vətəndaşdan 527 nəfəri və ya 39 faizi müxtəlif sahələrdə işlə təmin edilmişdir. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlardan 27 nəfərinə işsizlik statsu verilərək 29 nəfərinə işsizlik müavinəti ödənilmişdir. Hazırda mərkəzdə 1342 nəfər iş axtaran, 37 nəfər işsiz kimi qeydiyyatdadır.
2016-cı ildə keçirilən növbəti “Əmək yarmarkası”nda iş axtaranlara 20 müəssisədən -90 boş iş yerləri təklif olunmuş və ondan 32 nəfəri, o cümlədən 19 qadın daimi işlə təmin edilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılmışdır. Son illərdə rayonda inşa edilən məktəblər, onların maddi texniki bazasının yaxşılaşdırılması və informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərmişdir. Son 12 ildə rayonda 16 yeni məktəb binası inşa edilmiş, 16 məktəbdə, 5 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır.
Hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. İstedadlı uşaqların üzə çıxarılması və inkişafı məqsədilə Təhsil şöbəsi tərəfindən mərhələlər üzrə olimpiadalar və bilik yarışmaları təşkil olunmuş, zona və respublika yarışlarında iştirakı təmin edilmişdir.
2015-2016-cı tədris ilində 11-ci sinfi bitirmiş 522 məzundan 320 nəfəri və ya 61,3 faizi ali məktəblərə sənəd vermiş, onlardan 142 nəfəri və ya 44,4 faizi müvafiq ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 24 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir ki, onlardan da 8 nəfəri 600 baldan yuxarıdır.
Bununla bərabər 2015-2016-cı tədris ilinin sonunda şagirdlər buraxılış imtahanlarında zəif nəticələr göstərmişdir. 9-cu siniflər üzrə 55,0 faiz, 11-ci siniflər üzrə isə 46,0 faiz. Əvvəlki təhsil ili ilə müqayisədə irəlləyiş olmasına baxmayaraq, bu nəticələr təhsilyanı şurada geniş təhlil edilməli, rayon Təhsil şöbəsi və məktəb rəhbərləri məsələni ciddi nəzarətə götürməli, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Hesabat ilində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayon məktəblərində 354 ədəd kompüterdən, 52 ədəd notbukdan və 24 ədəd proyektordan istifadə edilir. 35 məktəbdən 34-ü internet şəbəkəsi ilə təmin edilmişdir. Ümumtəhsil məktəblərinin kadr təminatı ilə bağlı işlər aparılmış, Təhsil nazirliyində müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçmiş 13 nəfər müəllim ixtisasları üzrə vakant yerlərə təyin olunmuşlar.
2016-cı ildə rayon xəstəxanalarında rayon əhalisinə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində də müəyyən işlər görülmüşdür . Vərəm, şəkərli diabet, onkoloji və digər qeydiyyat tələb edən xəstəliklər vaxtında aşikar edilərək qeydiyyata götürülmüşdür. İl ərzində 94 (93) nəfər şəkərli diabeti olan xəstə qeydiyyata götürülmüş, 41 (43) nəfər müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatda olan 1258 nəfər şəkərli diabeti olan xəstələr vaxtaşırı olaraq müvafiq dərman preparatları ilə təmin olunmuşdur. 2016-cı ildə diri doğulan körpələrin sayı 821 olmuş, 1 yaşa qədər 2 (3) uşaq ölümü olmuş və ana ölümü olmamışdır.
Əhalinin sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2016-cı il fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi işi təşkil edilmişdir. Müayinənin gedişi və nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunmuşdur. Rayon əhalisinin 28948 nəfəri və ya 51,0 faizi tibbi müayinəyə cəlb edilmişdir.
Bununla bərabər rayon əhalisinə günün tələbləri səviyyəsində səhiyyə xidmətinin göstərilməsi üçün rayonda diaqnostik mərkəzinin yaradılmasına, mərkəzi rayon xəstəxanasının, qəsəbə və kəndlərdə yerləşən tibb ocaqlarının əsaslı təmirinə və ehtiyac olan yerlərdə yeni binaların tikilməsinə, onların ixtisaslı həkimlərlə təmin edilməsinə böyük ehtiyac vardır. Bu məsələlərin həlli istiqamətində tərəfimizdən müvafiq işlər aparılır.
Rayonda fəaliyyət göstərən mədəniyyət evləri, klublar və kitabxanalarda əhalinin səmərəli istirahətinin və gənclərin asudə vaxtlarının təşkili istiqamətində müəyyən işlər görülmüş, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin idealarının təbliği, gənclərin vətənpərvərlik tərbiyəsi, istedadlı yeniyetmə və gənclərin aşkar edilməsi, narkomaniya və neqativ hallara qarşı mübarizə, asudə vaxtın səmərəli təşkili, gənclər siyasəti, multikulturalizm, tolerantlıq və dini ekstemizm sahəsində tədbirlər həyata keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən tərtib edilmiş tədbirlər planı əsasında müxtəlif idman növləri üzrə rayon və zona birincilikləri keçirilmişdir. 2016-cı ilin ərzində müxtəlif idman növləri üzrə rayondaxili 19 tədbir həyata keçirilmişdir. Tədbirlərdə 1957 nəfər yeniyetmə və gənc idmançı iştirak etmişdir. Rayondan kənarda keçirilən 20 tədbirdə 169 idmançının iştirakı idarə tərəfindən təmin edilmişdir.
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Mərkəzi hesabat ilində fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzə gələnlər Ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olmuş, kino filmlərə baxmışlar. Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən Ulu öndərin rayona səfərləri tədqiq edilmiş, bu səfərlər zamanı onunla görüşüb ünsiyyətdə olmuş insanlarla gənclərin görüşləri təşkil edilmişdir. Görkəmli insanlarla görüşlər təşkil edilmişdir. Mərkəzdə dil və rəqs kursları fəaliyyət göstərmişdir.
Hazırda rayonda 12 qeyri-hökumət təşkilatı və 9 siyasi partiyanın yerli təşkilatı və bir dini icma fəaliyyət göstərir. Bu təşkilatlar il ərzində öz nizamnamələrinə uyğun fəaliyyət göstərmiş, onlar tərəfindən “Qeyri-hökumət təşkilatları və ictimai birliklər (Fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulmasına yol verilməmişdir. Siyasi partiyaların yerli təşkilatlarından yalnız Yeni Azərbaycan Partiyasının rayon təşkilatı rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak etməklə, Yeni Azərbaycan Partiyasının aparıcı qüvvə olduğunu təsdiqləyir. 2016-cı ildə partiya sıralarına 142 nəfər qəbul olunmuşdur ki, onlardan da 90 nəfəri gənclər, 83 nəfər isə qadınlardır. Beləliklə partiya üzvlərinin sayı 5311 nəfərə çatmışdır. Digər partiyaların fəaliyyəti yox dərəcəsindədir. Ümumiyyətlə hesabat ilində rayonda ictimai-siyasi vəziyyət və dini durum sabit olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin məruzə və nitqlərinin, ölkədə aparılan sosial-iqtisadi inkişafın əhaliyə çatdırılması ilə bağlı yaradılmış təbliğat qrupları tərəfindən 2016-cı ildə rayonun bütün yaşayış məntəqələri, böyük idarə, müəssisə və təşkilatları əhatə olunmaqla 48 görüş keçirilmişdir. Görüşlərdə əhalini müxtəlif zümrələrinin iştirakı təmin olunmuşdur. Təbliğat qruplarının üzvləri tərəfindən ölkə başçısının apardığı daxili və xarici siyasətin uğurları konkret faktlarla görüş iştirakçılarına çatdırılmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının nəticələrinin əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılmasındakı rolu haqqında məlumatlar verilmişdir.
Rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir ki, bunun da nəticəsi olaraq son illərdə rayon gənclərinin hərbi çağırışdan yayınma hallarına yol verilməmişdir. 2016-cı ildə də Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq həqiqi hərbi xidmətə çağırışlar vaxtında yerinə yetirilmişdir.
Hesabat dövründə rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının qarşısının vaxtında alınması təmin olunmuşdur. 2016-cı ildə rayonda 104 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayət işlərindən 79-nun və ya 90,8 faizinin açılması təmin edilmiş, 8 cinayət hadisəsi bağlı qalmışdır. 17 hadisə hazırda icradadır. 2015-ci ildə bu göstərici 90,1 faiz olmuşdur. Hesabat ilində rayon Polis şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış əməliyyat - axtarış tədbirləri nəticəsində 2 cinayət, 1 inzibati fakt aşkar olunmuş və həmin faktlar üzrə aşkar edilmiş narkotik vasitələr dövriyyədən çıxarılmışdır. Qeyd edək ki, ötən il 2 fakt aşkar olunmuşdur.
2016-cı ildə Samux rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 645 (549) ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu müraciətlərdən 317-ü (279) yerli sakinlərdən, 328-i (270) isə respublikanın yuxarı təşkilatlarından daxil olmuşdur.
Respublikanın yuxarı təşkilatlarından daxil olmuş müraciətlərin təhlili göstərir ki, onlardan 144-ü ərizə, 182-si şikayət, və 2-si təklif xarakterli olmuşdur. Vətəndaşlardan daxil olmuş müraciətlərin 268-i ərizə, 49 müraciət şikayyət xarakterli olmuşdur. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Müsbət haldır ki, rayonumuzda vətəndaşlara qarşı münasibətdə məmurlar tərəfindən kobudluq halları qeydə alınmamışdır. Bununla bərabər vəzifəsindən asılı olmayaraq hər bir məmur vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı və onların üzləşdikləri problemlərin arada qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Yerli icra hakimiyyətlərində operativ idarəetmənin təşkili üçün video müşavirə otaqları yaradılmışdır ki, bu da yerlərə operativ tapşırıqların verilməsini təmin edəcəkdir. Hazırda rayon icra hakimiyyətində və 5 inzibati ərazi dairəsində bu cür otaqlar yaradılmışdır. Eyni zamanda rayon İcra hakimiyyətinin internet saytı yaradılmışdır. Burada vətəndaşlar onlayn müraciət etmək imkanına malikdirlər.
2016-cı ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul-görüşlər keçirilmişdir. İl ərzində keçirilən 45 səyyar qəbul-görüşlərdə 5659 nəfər iştirak etmişdir. Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən 139 şikayət və təklif daxil olmuşdur ki, onlardan da 95 və ya 68,3 faizi həll edilmiş, 44 və ya 31,7 faizi hazırda icradadır. Onlardan 5-nin həlli ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır.
Rayonun şəhər, qəsəbə və kəndlərində mülkiyyət formasından asılı olmayaraq vətəndaşların müraciətlərinin operativ həll edilməsi üçün Samux Rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2014-cü il tarixli 28 saylı sərəncamı ilə 275-19-74 nömrəli telefon xətti ilə “Qaynar xətt” əlaqə mərkəzi yaradılmışdır.
2016-cı ildə “Qaynar xətt ” əlaqə mərkəzinə 165 müraciət daxil olmuşdur ki, bu müraciətlərdən 96-u dərhal həll edilmiş, 65-u həftə ərzində həll edilmiş 4 müraciət isə əsassız hesab edilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kadrların hazırlanması, ehtiyat kadr bazasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Kadrların yerləşdirilməsində gənclərə üstünlük verilir. Ehtiyat kadrların formalaşması qanunçuluq, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir.
2015-cı ilin yekununa dair rayon İcra Hakimiyyəti başçısının hesabatında 6, qəsəbə və kənd icra nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında isə yerli əhali tərəfindən 90 müraciət səslənmişdir ki, onlardan da 76-sı öz həllini tapmış, 20-i isə icradadır.
2016-cı ilin yekunu ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında 89 müraciət və təklif irəli sürülmüşdür ki, onların həlli ilə əlaqədar görüləcək işlər 2017-ci ilin tədbirlər planına salınmış və gələcəkdə öz həllini tapacaqdır.
2017-ci ildə qarşımızda yerinə yetiriləsi daha böyük vəzifələr durur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.
Qeyd etdiyimiz kimi Samux rayonunun 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı illər üzrə geniş tədbirlər planı tərtib edilmişdir. Tədbirlər planı bütün sahələri əhatə etmişdir. İlk növbədə Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun və Gəncə çayı üzərində körpünün tikintisinin müvəffəqiyyətlə başa çatdırılması əsas vəzifələrdəndir.
Cari ildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir. Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi həyata keçirilməlidir.
2016-cı ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsi, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı tərəfimizdən işlər aparılır.
Eyni zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrufatının inkişaf etdirilməsinin sürətləndirilməsidir. Məlumat üçün bildirirəm ki, vaxtilə rayonumuz üçün xarakterik olan bitkilərin becərilməsinə başlanmışdır. Ötən il rayonda 330 hektar pambıq əkilmişdir, cari ildə 505 hektar pambıq əkiləcəkdir. Eyni zamanda strateji məhsul olan baramaçılığın inkişafı üçün də müvafiq işlər aparılır.
Əhalinin məşğulluğunun təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını istiqamətdə işlər görülür.
Ölkə başçısı tərəfindən 2017-ci ilin “ İslam həmrəyliyi ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda multikultural ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində müvafiq işlər görülməlidir.
Ümumiyyətlə 2017-cı ildə rayonda daha böyük layihələrin həyata keçirilməsi gözlənilir.