Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 10 yaşayış məntəqəsinə gediş-gəliş asanlaşır

03 fevral 2017 | 16:00

Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux. Rayon mərkəzini sadalanan kəndlərlə birləşdirəcək yolun yenilənməsi davam edir. Ötən ilin sonlarında yolun tikintisinin davam etdirilməsi barədə əlavə tədbirlərin görülməsi üçün ölkə prezidentinin imzaladığı sərəncam Samuxda 10 yaşayış məntəqəsinə gediş-gəlişi asanlaşdıracaq.
Uzunluğu 36 km olan yolun 12 km-i icrası davam edən layihənin 1-ci mərhələsində asfaltlanıb. Yolun qalan hissəsinin yenilənməsi isə “Azəravtoyol” ASC-yə həvalə edilib. Hazırda yolun mövcud olan 4 metrlik hərəkət eni genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yararsız qrunt 1 m-ə qədər qazılaraq 10 metr enində yeni yol yatağı salınır. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının inşası və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Tikintinin aparıldığı ərazilərdə yol boyu kommunikasiya xətləri köçürülür, şəxsi istifadə və suvarma məqsədi daşıyan su boruları yenilənir.
Layihəyə uyğun olaraq yolun 23-cü kilometrliyində Əhmədbəyli və Qarabağlılar kəndlərini birləşdirən Gəncəçay üzərində mövcud körpüdə də əsaslı təmir-bərpa işləri aparılır. Bu məqsədlə çay yatağında hamarlama, eləcə də körpünün sağ və sol hissəsində bəndbərkitmə işləri tam olaraq başa çatdırılıb. 63 metr uzunluğu, 11.5 metr eni olan 2 aşırımlı körpü yaxın zamanlarda əhalinin istifadəsinə veriləcək. Ümumilikdə yolun yenilənməsi əhalinin istehsal etdiyi məhsulu alıcıya çatdırması və gediş-gəlişdə təhlükəsizliyi təmin etməklə vaxta da qənaət yaradacaq.
Sakit Ağayev- Samux sakini: “Kəndimizin ərazisində hardasa 7 kilometrə yaxın yolun çəkilişi aparılır. Mən kənd sakini kimi çox sevinirəm. Vaxt var idi bir xəstəmiz olanda biz onu xəstəxanaya çatdırmaq üçün çox əziyyət çəkirdik, yolların bərbad vəziyyətdə olmasına görə, maşınlarımız da tez-tez sıradan çıxırdı”.
Şöhrəddin Məmmədov- Samux sakini: “Avtomobillərin gediş-gəlişində vaxt itkisi çox olurdu. Hazırda aparılan işlər bunu göstərir ki, vaxtımıza qənaət olunacaq. Kəndimizə əlavə marşrut xəttləri açılacaq və insanlarımız vaxtı-vaxtında gedib gələ biləcəklər. Həmişə Gəncəyə, sonra isə Samux rayonuna gedirdik indi çəkilən yol kənddən birbaşa rayon mərkəzinə getməyə imkan verəcək”.
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Xaliq Qurbanlı(Kepeztv.az)

Keçidlər