Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda mərkəzləşmiş qaydada istiliklə təmin edilən məktəblərin sayı artır

07 dekabr 2016 | 16:00

Samux məktəblərinin qızdırılmasında problem yoxdur. Rayondakı təhsil ocaqlarının yarıdan çoxu mərkəzləşmiş qaydada istiliklə təmin edilir. 12 məktəb üçün isə odun tədarük edilib. 5 məktəb dizellə qızdırılır.
Diləfruz Yusifova- Sarıqamış kənd tam orta məktəbinin direktoru: “Mərkəzləşmiş istilik sistemimiz var. İstilik sistemi qazanxanada yerləşir və dizel yanacağı ilə yandırılır. 1 tonluq çənimiz və kifayət qədər maye yanacağımız var”.
Sarıqamışla yanaşı Samuxun daha 4 kənd məktəbində mərkəzləşmiş istilik sistemi dizel yanacağı hesabına işləyir. Qazla müqayisədə sərfəli olduğundan maye yanacaq əlverişli hesab edilir.
Cəfər Süleymanlı- şagird: “Sinifimiz isti olduğu üçün məktəbə gəlirik, dərslərimiz keçilir”.
Rayonun 12 məktəbində isə soyuq qış aylarında odun yanacağından istifadə olunur. Noyabr-dekabr ayları üçün sinif otaqlarının qızdırılması üçün 260 kubmetr odun tədarük olunub.
Musa Əsədov- Alıuşağı kənd tam orta məktəbinin direktoru: “Siniflərimiz odun yanacağı ilə qızdırılır. Dekabr ayının sonunadək 19,5 kubmetr odun ehtiyatı görülüb. Hal-hazırda davamiyyətimiz yerindədir. İstiliyimiz tam təmin edilib”.
Rayon mərkəzi də daxil olmaqla yerdə qalan 18 məktəb üçün yeni bina inşa olunduğundan mərkəzi qazanxana sistemi də yaradılıb.
Əminə Cəfərova- Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: “Məktəbimizdə noyabr ayının əvvəlindən istilik sistemi işə salınıb. İstilik normal olduğu üçün dərslər müntəzəm olaraq keçirilir”.
Gülçöhrə Bayramova- şagird: “İstiliyimiz yaxşıdır. Düzdür, səhər gələndə bir az soyuq olur. Sonra sinifimiz isinməyə başlayır”.
Gələn il Samuxda bir neçə məktəbin yenilənməsiylə müasir istilik sistemi ilə təchizat da yaxşılaşacaq. Rayonda 35 məktəb fəaliyyət göstərir.
Natiq Hüseyn

Keçidlər