Samuxda Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir keçirilib
Əlillərə göstərilən dövlət qayğısı və onların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrdən bu gün Samuxda danışılıb. Beynəlxalq Əlillər Günü münasibəti ilə baş tutan tədbirdə rayonda 4 minə yaxın əlilin olduğu, onlardan 70-nin torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət aldığına diqqət çəkilib. Bu qəbildən olan insanların mənzil-məişət problemlərinin həlli üçün Samuxda 2 yaşayış binası, 21 fərdi ev inşa olunub. 22 nəfər Qarabağ Müharibəsi əlilinə avtomobil verilib. Yaxın günlərdə daha 3 ailə üçün fərdi yaşayış evinin inşasına başlanacaq. 7 əlil isə yeni avtomobilin sevincini yaşayacaq. Çıxışlardan sonra aztəminatlı və imtiyazlı ailələrə sovqat paylanılıb. Beynəlxalq Əlillər Gününə həsr olunan musiqili proqramla davam edib.
Mirzəmmət Orucov -Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Samux rayon filialının sədri: “Bu gün Samux rayonunda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 80 faizi ev və maşınla təmin olunub. Respublikamızın digər bölgələrində, eləcə də Gəncə şəhərində protez bərpa mərkəzi fəaliyyət göstərir. Əlillər də oradan istifadə edir. Demək olar ki, biz daim dövlətin qayğısını öz üzərimizdə hiss edirik”.
Natiq Hüseyn