Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon Təşkilatında “Müstəqilliyimiz əbədidir” mövzusunda dəyirmi masa keçirildi.

17 oktyabr 2016 | 16:00

17 oktyabr 2016-cı il tarixdə YAP Samux rayon təşkilatında 18 Oktyabr  - Müstəqillik  Gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının  üzvləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan YAP Samux rayon Təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova qeyd etdi ki,  bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi tamam olur. XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı. 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi. Çox keçmədi ki, 1991-ci il dekabrın 8-də sovetlər birliyi öz geosiyasi mövcudluğuna son qoydu.
Natiq bildirdi ki, müstəqilliyin ilk illərində respublikamız çox ağır siyasi-iqtisadi və sosial problemlər girdabına düşdü. Torpaqlarımız itirildi, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi, etnik separatçılıq Azərbaycanı dağılmaq, parçalanmaq həddinə gətirdi. Belə bir vəziyyətdə yenicə bərpa olunmuş müstəqillik də sual altına alındı. Ölkənin, millətin taleyi üçün həlledici bir vaxtda yeni bir lider lazım idi. O lider ki, onu bu ağır vəziyyətdən çıxarıb beynəlxalq birliyə inteqrasiyasını və beynəlxalq arenada öz layiqli yerini tapmasını təmin edəcəkdi. Bu, əlbəttə, dərin zəkaya, böyük təcrübə və düşüncəyə malik olan, dünya siyasətində öz dəsti-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev ola bilərdi. Məhz xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclis qarşısında etdiyi dərin məzmunlu çıxışında yeni siyasi strategiyanın mahiyyətini açıqladı və müstəqil Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini elan etdi.
Sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının Qadınlar Şurasının üzvləri Ləman Bayramova-İnstitut qəsəbə tam orta məktəbin müəllimi, Mahirə Məmmədova-Qarayeri uşaq bağçasının direktoru, Ulviyyə İbrahimova-Ziyadlı kənd tam orta məktəbin müəllimi, Səlminə Məmmədova-Samux şəhər 2 saylı tam orta məktəbin müəllimi  və başqaları respublikamızın 25 ildə qazandığı uğurlardan söhbət açdılar.
Tədbirin sonunda söz alan İnstitut qəsəbə tam orta məktəbin direktoru Gülsəba Abbasova  Müstəqillik günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və vurğuladı ki, Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı geosiyasi oyunlar məngənəsindən çıxarıb, onu öz milli maraqlarını hər zaman qorumaq iqtidarında olan həqiqi müstəqil dövlətə çevirdi. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu sadəcə davam etdirməklə kifayətlənmir, onu yeni şəraitin tələblərinə uyğun, yaradıcılıqla inkişaf etdirir.

Keçidlər