YAP Samux rayon təşkilatında 18 Oktyabr – Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirildi.
14 oktyabr 2016-cı il tarixdə YAP Samux rayon təşkilatında 18 Oktyabr - Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirildi.Tədbirdə YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan YAP Samux rayon Təşkilatının sədri Gündüz Bayramov 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkənin daxilində və xaricində vəziyyətin heç də ürəkaçan olmadığını, ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı, ərazilərimizin Ermənistan tərəfindən işğal olunaraq, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yarandığını qeyd etdi. Ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi Müstəqilliyimiz böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğu fikirlərini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söylədi.
Sonra tədbirdə çıxış edən YAP Samux rayon Təşkilatının Gənclər Birliyinin sədri Arif Ağayev ötən 25 il ərzində Azərbaycan xalqının dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd etdi ki, uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyaya tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərini vurğuladı.
Daha sonra tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri Rəşid Şabanov, Lyudmila Bayramova, Qurban Həsənov , Yasin Əliyev və başqaları xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər. Qeyd etdilər ki, 1991-ci ilin 18 oktyabr tarixi əzmkarlıq bahasına başa gəlmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.
Təlimatçı: R.Şabanov