Samux rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirəsinə həsr edilmiş “Mahir Nişançı" güllə atıcılığı üzrə rayon birinciliyinin final mərhələsi keçirildi.
04 okyabr 2016-cı il tarixdə Samux rayon Əhmədbəyli kəndində Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Gənclər və İdman İdarəsinin , SHXÇDX-nin Samux rayon bölməsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq Azərbaycan Respublikası Milli qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr edilmiş "Mahir Nişançı" güllə atıcılığı üzrə rayon birinciliyinin final mərhələsi keçirildi. Final mərhələsinə qoşulan 8 komanda ilk öncə Milli Qəhrəmanın ev muzeyinə baxış keçirmiş, xatirə şəkilləri çəkdirmişlər. Yarışda iştirak edən gənclər Milli Qəhrəmanın ailəsi tərəfindən çay süfrəsinə dəvət olunmuşlar. Milli Qəhrəman Eltun İsgəndərovun atası gənclərə Eltunun həyatı və hərbi xidməti haqqında geniş söz açmış, şagirdləri maraqlandıran suallara cavab vermişdir. Sonra Əhmədbəyli kənd orta məktəbin idman zalında yarışlara start verilmişdir. Yarış başlamamışdan əvvəl rəis müavini Eynur Fərmanlı artıq hər il keçirilən bu yarışın ənənəvi hal aldığını qeyd edərək bu yarışı keçirməkdə məqsədin Milli Qəhrəman Eltun İsgəndərovu rayon gəncləri arasında geniş təbliğ etmək, gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, güllə atıcılığı idman növünü gənclər arasında inkişaf etdirmək və rayon yığma komandasını formalaşdırmaq olduğunu söylədi. SHXÇDX-nin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev hər il keçirilən bu yarışın gənclərin vətənpərvərlik ruhunda yetişməsi, hərbi xidmətə hazırlanmasında mühüm rol oynadığını, Milli Qəhrəmanın göstərdiyi qəhrəmanlıq və şücaətin her kəs üçün nümunə, örnək olduğunu qeyd etdi. Oyunların pratokoluna əsasən 1-ci yerə Lək kəndi , 2-ci yerə Sərkar kəndi, 3-cü yerə Samux 2 saylı tam orta məktəb komandaları layiq görülərək idarə tərəfindən diplom və kubokla təltif edildilər. Sonda məktəb direktoru Etibar müəllim, Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov iştirakçılara , bu yarışı təşkil edən qurumlara təşəkkürlərini bildirdilər.