Samuxda ucqar kəndlərdə işləmək istəyən gənc müəllimlərin sayı artır
Təhsil Nazirliyi tərəfindən ali məktəbləri bitirən gənc müəllimlər üçün tətbiq olunan həvəsləndirmə tədbirləri bir sıra ucqar, dağlıq və dağətəyi rayonlarda olduğu kimi, Samux rayonunda da peşəsi üzrə işləmək istəyən kadrların sayını artırıb.
Samux rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada həyata keçirilən müsabiqədə 2016-2017-ci tədris ilində rayon üzrə 12 gənc müəllim işə götürülüb. Qeydiyyatdan keçən müəllimlər yeni dərs ilinin başlanması ilə əlaqədar artıq təyinat aldıqları məktəblərdə tədris fəaliyyətinə başlayıblar.
Gənc müəllimlərlə təmin olunan məktəblər isə rayonun Tatlı, Kəsəmən, Burunqovaq, Qədilli kənd orta məktəbləri və Çobanabdallı, Alabaşlı, Poylu, Yuxarı Ağasıbəyli və Yenikənd tam orta məktəbləridir.
Yeni işə götürülən müəllimlər bu vaxta qədər kadr çatışmazlığı problemi ilə qarşılaşan məktəblərdə ixtisaslarına müvafiq olaraq Azərbaycan dili və ədəbiyyat, rus dili, biologiya, fizika, informatika və musiqi fənlərini tədris edəcəklər.
Qeyd edək ki, gənc müəllimlərin rayon mərkəzindən kilometrlərlə uzaqda yerləşən ucqar kənd məktəblərini seçməsinin digər bir səbəbi isə ölkənin bütün bölgələrində sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, son dövrlərdə hətta ən ucqar kəndlərin abadlaşdırılması, tikilən yeni məktəb binaları, təhsil müəssisələrinin zəruri tədris vasitələri və avadanlıqlarla təmin edilməsi, həmçinin rayon mərkəzi ilə kəndlər arasındakı avtomobil yollarının müasir səviyyədə qurulması və bir sıra əlverişli sosial-iqtisadi şərtlər gənc müəllimlərin ucqar kəndlərdə işləməsinə əlverişli şərait yaradıb.
Samux, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC