Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu Samux rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib

22 sentyabr 2016 | 16:00

22 sentyabr 2016-cı il tarixdə “Yeni Azərbaycan” referendum üzrə təbliğat-təşviqat qrupunun üzvləri Samux rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Samux rayon şöbəsinin rəhbəri Gündüz Bayramov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən gənclər sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər. G.Bayramov bu prosesdə Samux rayon gənclərini də fəal olmağa çağırıb.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan gənclərinin cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. N.Həmzəyev bildirib ki, gənclər dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən millət vəkili qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.
Çıxış edən Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosenti, ATU YAP ərazi təşkilatının sədri Hüseyn Budaqov da Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan H.Budaqovun sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan böyük nailiyyətlər Ana Qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən H.Budaqov gənclərin bu prosesdə fəal olacağına əminliyini ifadə edib.
Sonra Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov Azərbaycan gənclərinin bütün seçkilərdə fəal iştirak etdiyini deyib və qarşıdan gələn ümumxalq səsverməsində də məhz belə olacağına inandığını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının dosent əvəzi Ceyhun Hüseynov isə ölkəmizdə mövcud olan multikultural mühitdən, bütün millətlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasından, dövlətimizin uğurları naminə birgə fəaliyyət göstərməsindən danışıb.
Görüşdə çıxış edən Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, GDU YAP ərazi təşkilatının sədri Cavid Bağırzadə və digərləri qeyd ediblər ki, Konstitusiya islahatları ölkə gəncliyinin də maraqlarına cavab verir, gənclərin inkişafına yeni imkanlar açır.

Keçidlər