Samuxda təyinatı dəyişdirilən torpaqlar ölkədə kənd təsərrüfatının inkişafına xidmət göstərəcək
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq, Samux rayonunda əkin sahələrinin artırılması və iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə qış otlaq sahələrinin təyinatının dəyişdirilməsi üçün işlərə başlanılıb.
Samux Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildirilib ki, bu məqsədlə təyinatı dəyişdirilən 5 min hektar sahə “AQRO DAİRY” MMC-yə uzun müddətə icarəyə verilib. Təyinatı dəyişdirilən torpaqlarda müasir Pivot suvarma sistemləri quraşdırılıb, 14 kilometr 1000 millimetrlik ana xətt çəkilib, 40 kilometr yeraltı qidalandırıcı şəbəkə yaradılıb və iki ədəd 5 min kubmetr tutumu olan su anbarı inşa edilib.
Suvarma sistemi üçün elektrik yarımstansiyası və nasosxana quraşdırılıb. Görülmüş işlərin icrası ilə bağlı 200 nəfər cəlb olunub. Ərazidə gübrə anbarı, taxıl terminalı və ofis binasının tikintisi davam edir. Təsərrüfatın ehtiyaclarını ödəmək üçün isə ən müasir texnikalar alınaraq rayona gətirilib.
Rayona investisiya qoyuluşuna cəlb olunan “Ulduz-2011” MMC-yə isə Ceyrançöl və Boz dağ massivlərindən 2010 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaqların da 1600 hektarının təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi üçün müvafiq sənədlər Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib.
Samux, Rauf Hacıyev, AZƏRTAC