Samux rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş dörd fərdi mənzil istifadəyə verildi.
20 iyul 2016-cı il tarixdə Samux rayonunun Çobanabdallı kəndində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına müvafiq olaraq şəhid Məmmədov Mehman İsax oğlunun ailəsi üçün inşa edilmiş fərdi evin açılış mərasimi keçirildi. Açılış mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edirdi.
Tədbiri Samux Rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Məhərrəmov açaraq, şəhid ailəsi üçün inşa edilmiş fərdi evin tikintisində əməyi olanlara dərin minnətdarlığını bildirdi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış dərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayaraq, Samux rayonunda da bu kateqoriyadan olan vətəndaşların qayğıdan kənarda qalmadığını diqqətə çatdırdı. Başçı qeyd etdi ki, bu günə kimi rayonda bir 36 mənzilli , bir 8 mənzilli bina və 15 fərdi mənzil inşa edilərək, Qarabağ müharibəsi əllilərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir və 22 əlil fərdi minik maşını ilə təmin olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Natiq Əzizov dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğuladı.
Yeni mənzillə təmin olunan şəxslər sosial cəhətdən həssas qrupların, o cümlədən əlil və şəhid ailələrinin Prezident qayğısı ilə əhatə olunduqlarını, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsinə, yeni mənzillərlə təmin edilmələrinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda şəhid ailəsi Mehriban Məmmədovaya, Qarabağ müharibəsi əlilləri Mübariz Əliyevə, Nəriman Faxrətova və Aytəkin Ağayevə fərdi mənzilin açarları təqdim olundu.
Sonra mənzilə baxış keçirildi.