Samux rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlətimizin başçısının nitqində səsləndirilən faktlar bir daha təsdiqlədi ki, müasir dövrdə dünyada baş verən hadisələr, siyasi qarşıdurmalar, neftin qiymətinin kəskin ucuzlaşması, maliyyə, siyasi və iqtisadi böhranlar Azərbaycandan da yan keçməyib. Ancaq dəfələrlə belə hadisələrin şahidi olsaq da, ölkəmiz hər dəfə yaranmış vəziyyətdən uğurla çıxıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strategiya və ölkədə həyata keçirilən yeni sosial, iqtisadi islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərmişdir.
Əvvəlki illərdə cənab İlham Əliyevin müəllifi olduğu “İnkişafın Azərbaycan modeli” adlı milli strategiya beynəlxalq iqtisadi mərkəzlər tərəfindən birmənalı qəbul olunaraq müsbət rəy alır və nümunə kimi göstərilirdisə, hazırkı mövcud durumda ölkəmiz yeni bir inkişaf platforması nümayiş etdirir- “Böhran şəraitində inkişaf!” modeli.
“Böhran şəraitində inkişaf!” modeli cənab İlham Əliyevin milli yüksəliş kursunun yeni mərhələsinin ümumiləşdirilmiş adıdır və indi onun tədqiqatçılar tərəfindən dərindən araşdırılmasına ciddi ehtiyac var. Ölkə iqtisadiyyatının birinci yarım ildə əsəs göstəricilərinin dinamikası da bunu deməyə əsas verir.
- 2016-cı ilin birinci yarımilində ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulmuşdur;
- İqtisadiyyatın əsas sahələrindən olan qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artmışdır.
- Yoxlamalarən sayı 714 dəfə azalaraq 40 mindən 56-ya düşmüşdür.
- 6 ay ərzində 78 mini daimi olmaqla 90 min iş yeri açılmış, sahibkarlara 73 milyon manat kredit verilmişdir.
- Hesabat dövründə əmək haqqılar, pensiyalar 10 faiz, gömrükdən daxilolmalar 17 faiz, vergidən daxilolmalar isə isə 2 faiz artmışdır.
- Yüz mindən çox ailəyə sosial yardım ayrılmış, aztəminatlı ailələrə sosial mənzillərin inşası prosesinə başlanmışdır.
Xarici siyasət və Dağlıq Qarabağ probleminin nizamlama prosesində ötən altı ay xüsusi forması ilə fərqlənib. Əvvəla, son 22 ildə toxunulmaz qalan status-kvo Azərbaycan əsgərinin şücaəti ilə dəyişib və ordumuz tarixi qələbə əldə edib. Həmçinin münaqişənin həlli prosesi çərçivəsində aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub, cənab Prezident Vyana və Sankt-Peterburq danışıqlarına qatılaraq, Qarabağdakı 22 illik status-kvonu dəyişdirməyə nail olmuşdur.
Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan qlobal iqtisadi-siyasi böhranın sərt sınaqlarından bu dəfə də üzüağ çıxa biləcək, ölkəmizin sosial-iqtisadi tərəqqisi dinamik olaraq davam edəcəkdir.2016-cı ilin birinci yarsının yekunları ilə bağlı görülmüş işlərin təhlili və proqnozlar göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası cari ildə də davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır.
Bu rayonun əsas statistik göstəricilərində də öz əksini tapmışdır. Belə ki,
- ümumi məhsul buraxılışının həcmi 6,6 faiz;
- sənaye 6,1 faiz;
- kənd təsərrüfatı məhsullarının həcmi 0,1 faiz;
- pərakəndə əmtəə dövriyyəsi 17,7 faiz;
- əsas kapitala yönəldilən investisiyaların məbləği 34,5 faiz;
- o cümlədən tikintinin həcmi 34,9 faiz artmışdır.
İlk növbədə qeyd etməliyəm ki, ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmiş və birinci yarımildə 537-si daimi olmaqla 1106 yeni iş yeri yaradılmışdır.
Tikinti-quruculuq işləri davam etdirilmişdir. Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Alabaşlı qəsbəsi 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılaraq istifadəyə verilmiş, şəhər 4 saylı uşaq bağçasında təmir işlərinə başlanışmışdır.
Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılmış, rayon mərkəzinin Şəhidlər küçəsi və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılmış, həmin küçə və yollara yeni asfalt örtüyü çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının, xüsusilə pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişafına dair tapşırıqları ilə əlaqədar Prezident Administrasiyasında keçirilmiş müşavirədə verilmiş tövsiyyələr İcra hakimiyyətində geniş təhlil olunmuşdur.
Tövsiyyələrə uyğun olaraq cari ildə rayonun Qırmızı Samux qəsəbəsi ərazisində 300 hektar sahədə “Qarabağ region” MKT MMC tərəfindən pambıq səpini aparılmışdır ki, həmin sahədə normal çıxış alınmış və birinci kompleks becərmə işləri başa çatdırılmışdır, hər hektardan təxminən 27-30 sentner məhsul gözlənilir. Burada 200 nəfərdən çox sakin mövsümü işçilərə cəlb edilmişdir.
Eyni zamanda rayonda iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət üçün 5000 ha münbit torpaq ayrılmışdır. Cəmiyyət tərəfindən həmin sahənin suvarılma sisteminin qurulmuş və burada 3000 hekta qarğıdalı əkilməsi həyata keçirilmişdir. Bu isə öz növbəsində yüzlərlə yeni iş yerinin yaradılmasına imkan yaradır.
Görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
- Bununla bərabər 2 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 12,0 milyon manat və 25 min ton kartofun yetişdirilməsi üçün 5,0 milyon manat investisiyanın ayrılması Dövlət İnvestisiya Proqramına salınmışdır. Bu da öz növbəsində yüzlərlə iş yerinin açılmasına imkan verəcəkdir.
-“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlərin- konkret olaraq rayonumuz üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, rayonda aqrar sənayenin, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı təkliflərin hazırlanmasını təmin etməliyik.