Samux rayonunda aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.
Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə rayonda yaşayan Qarabağ əlillərinə, şəhid ailələrinə və imkansız ailələrə bayram sovqatlarının paylanması təşkil olunmuşdur.
Rayonda fəaliyyət göstərən ictimai birliklərin, rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinlərinin, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar qarşısında Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev çıxış edərək Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Bayram ilə əlaqədar Samux rayonunda yaşayan aztəminatlı ailələrə, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə,şəhid ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 450 ailəyə bayram sovqatı təqdim edilmişdir.
Tədbirdə çıxış edən rayon sakinləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.