Samuxda Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovla görüş keçirildi.
Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Samux rayon İcra Hakimiyyətinin, Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə dəstəyi ilə “26 iyun Silahlı Qüvvələr günü” və Azərbaycan torpaqlarının azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizə aparmış şəhid və qazilərimizə ehtiram əlaməti olaraq "Qəhrəmanlıq Səlnaməsi” adlı “Azərbaycan Bayrağı” ordenli, Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynovla görüş keçirildi.
İlk öncə qonaqlar və tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül çıçək dəstələri qoymuşlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirildi.Filmdə həyatını Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizələrə sərf etmiş İbad Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsi, bacarıqlı və cəsur döyüşçü kimi ağır yaralandıqdan sonra onun müalicə alaraq yenidən döyüş bölgəsinə qayıdaraq düşmənin susdurulmasında öz sözünü deməsi görüşdə iştirak edən iştirakçılar tərəfindən ayaqüstü alqışlarla qarşılanıb.
Tədbiri acıq elan edən Samux rayon İcra Hakimiyyətinin Başcısı Alı Qocayev çıxışında bildirib ki, hər bir azərbaycanlının Milli Qəhrəman kimi qəbul etdiyi, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş və Qarabağda soydaşlarımıza dəhşətli işgəncələr vermiş, türklərin düşməni olmuş "Avo" ləqəbli erməni terrorçusu Monte Melkonyanı məhv etmiş qəhrəmanımız İbad Hüseynovla "Qəhrəmanlıq və vətənpərvərlik simvolu" sərlövhəsi ilə görüşümüzdür. “26 İyun Milli Ordunun Yaranması Günü” ərəfəsində görüşümüzün keçirilməsinin də rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırıma məruz qalmalarına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq. Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş Mübariz, Fərid kimi qəhrəmanları var və bu Vətən müdafiə olunur, hətta daim müharibəyə, torpaqlarımızı azad etməyə hazırıq"
Sonra çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən, Əfsanəvi kəşfiyyatçı, Türk dünyasının qəhrəmanı, vətənpərvərlik örnəyi, dəyərli Azərbaycan övladı Vətənpərvər İbad Hüseynovun bizlərlə vətənpərvərliyin təbliği və təşviqi yönümlü maarifləndirici əhəmiyyətli görüşü unudulmaz və yadda qalan hadisədir. Onun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq şücaətinin indiki və gələcək nəsillərə əsl örnək olduğunu vurğulayan Aygün Həsənzadə bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, xüsusən də gənclərin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etməyə borclu olduqlarını vurğulayıb.
Sonra çıxış edən "Atilla" jurnalının baş redaktoru, milli qəhrəmanın mətbuat katibi Gülşən Behbud İbad Hüseynovun qəhrəmanlığını Azərbaycan tarixinin bir səhifəsi kimi qiymətləndirərək son illərdə Azərbaycan dövləti tərəfindən Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğun və obyektiv çatdırılması istiqamətində çox mühüm addımların atıldığını bildirib. Baş redaktor, həmçinin jurnalın məramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bugünkü gəncliyin öz tarixini mükəmməl bilməli olduğunu vurğulayıb. Daha sonra Gəncə Dövlət Universtetinin dossenti Ziyafət Bayramova Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirmiş İbad Hüseynovu, bu igid kəşfiyyatçının döyüş yoldaşlarını tanımalı və onlardan nümunə götürməlidirlər. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir. Çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət komitəsinin Samux rayon bölməsinin nümayəndəsi Rüstəm Xudiyev, Gəncə Dövlət Universtetinin tələbəsi Aysel Cəfərova öz çıxışlarında Qarabağın xəritəsini alnında, yarasını ürəyində, qisasını gözlərində gəzdirən İbad Hüseynov haqqında çıxış etdilər.
Daha sonra "Azərbaycan Bayrağı" ordenli qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış gənclərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür. Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qəhrəmanın çıxışından sonra rayon ictimaiyyəti, əsasən də gənclərin sual və ürək sözləri dinlənildi.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Azərbaycan Bayrağı” ordenli qəhrəman İbad Hüseynova xatirə hədiyyəsi təqdim olundu.
Sonra İbad Hüseynov qəhrəmanlığını əks etdirən “Türk Dünyasının Qəhrəmanı” adlı kitabı rayon icra başçısına və mərkəzin direktoruna hədiyyə etdi.
Tədbir uşaq və gənclərin vətənpərvərlik ruhunda hazırladığı mahnı və kompazisiyalarla davam etdirildi.
Sonda xatirə şəkilləri çəkildi.