Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda kənd təsərrüfatının inkişafı məsələlərinə həsr olunmuş müşavirə keçirildi

23 iyun 2016 | 16:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsullarının  inkişafına dair tapşırıqları, bununla bağlı  Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerində icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Samux rayonunda kənd təsərrüfatının inkişafı ilə əlaqədar verilmiş tapşırıqların icra vəziyyətinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yaradılan işçi qrupunun üzvlərinin iştirakı ilə Samux rayonunda müşavirə keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrupu əvvəlcə “AZRUS  DOSTLUQ” Açıq Səhmdar Cəmiyyətinin  fəaliyyəti və burada 19 hektar ərazinin 7 hektarında   yetişdirilən  faraş tərəvəz əkin sahəsi ilə tanış oldular. Daha sonra rayonun Qarayeri qəsəbəsində yerləşən, üzüm və toxum istehsalı ilə ixtisaslaşmış “Amin” İstehsal firmasının üzüm bağında olan qonaqlara məlumat verildi ki, firmanın istifadəsində  100 hektar əkin sahəsi vardır. Ondan 10 hektarında məsuldar üzüm bağı, 6 hektar meyvə bağı salınmışdır. Qalan torpaqlarda tərəvəz və taxıl toxumçuluğu üçün istifadə edilir. Firmada 20 nəfər daimi işçi çalışır.
“Boz dağ” heyvandarlıq kompleksinə gələn qonaqlar Samux rayon Sarıqamış kəndi ərazisində yerləşən kompleksdə işlərin gedişi ilə yaxında tanış olmuşlar və onlara hazırda kompleksdə  saxlanılan iribuynuzlu cins mal-qaranın sayının 3000 başdan çox olduğunu və gün ərzində 30-32 ton süd istehsal olunduğunu bildirdilər.
Daha sonra işçi qrupu “AQRO DAİRY” MMC , “Qarabağ region” MKT MMC və “Aqroenerji” kompleksi müəssisələrində olmuşlar.
Tədbir YAP Samux  Rayon Təşkilatının akt zalında keçirilən toplantı ilə davam etdirildi. Müşavirədə  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Kadastr Xidmətinin rəisi Ramiz Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Əlibaba Əliyev, Musa Yusibov və Samux rayonun torpaq mülkiyyətçiləri, fermerlər və iş adamları iştirak edirdi.
Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayevin sədrliyi ilə keçən iclasda ötən il rayonun kənd təsərrüfatının inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək  Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Natiq qeyd etdi ki, ölkəmizdə aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsullarının  istehsalının genişlənməsi məsələləri ölkə başçısının diqqət mərkəzindədir. Natiq Samux  rayonunda üzümçülüyün, taxılçılığın son zamanlarda isə geniş vüsət alan toxumçuluğun ənənəvi bir sahə olduğunu qeyd etdi, A.Əmiraslanov kənd təsərrüfatının yeni inkişaf mərhələsində olduğunu vurğulayaraq, qeyd edib ki, bu mərhələdə samuxlu fermerlərin də üzərinə mühüm vəzifələr düşür.
Aqrar sektora göstərilən dövlət dəstəyindən danışan işçi qrupun rəhbəri bu sahənin inkişafı üçün inzibati və maliyyə resurslarının səfərbər edilməsinin, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən bəhs edib. Bildirib ki, kənd təsərrüfatında subsidiyalardan səmərəli istifadə vacibdir. Bu sahənin idarə edilməsi işinin yaxşılaşdırılması, yeni texnologiyaların tətbiqi də qarşıda duran ümdə vəzifələrdəndir.
A.Əmiraslanov Samuxda kənd təsərrüfatının ənənəvi sahələrinin - taxılçılığın, heyvandarlığın, üzümçülüyün inkişafı ilə yanaşı, bağçılığın, tütünçülüyün, pambıqçılığın da perspektivləri barədə fikirlərini bildirib, görüləsi işləri diqqətə çatdırıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq  açıqlamalar verdi.
Müşavirə diskussiya formasında davam etdirildi. Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər üzümçülüyün, taxılçılığın, kartofçuluğun və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab  verdilər.

 

Keçidlər