Şriftin ölçüsü :

Saytın rəngi :

Samux kəndlərində sosial problemlərin həlli sürətləndirilib.

17 iyun 2016 | 16:00

Samux rayonunun kənd və qəsəbələrində əhalini daha çox narahat edən sosial problemlər aradan qaldırılır. Kənd investisya layihəsi çərçivəsində həyata keçirilən abadlıq və quruculuq işlərinə yerli sakinlər böyük maraq göstərir.
Samux rayonunun Sərkar, Ziyatlı və Lək kəndlərində, eləcə də Qarayeri qəsəbəsində yol təsərrüfatı yenidən qurulur və əlavə su xətləri çəkilir. Artıq Sərkarda bu proses yekunlaşıb.
Şəmistan Yusifov- Sərkar bələdiyyəsinin sədri: “Bizim kəndimizdə əhalini düşündürən sosial problemlər həll olunur. Bu problemlər sırasında biz kəndimizin yollarını abadlaşdırılmasını yeni su xətlərini çəkilişini və yaşıllıqların salınmasını göstərmək olar”.
Kənd investisiya layihəsi çərçivəsində görülən işlər Sərkar kəndində 20-ə yaxın küçənin, ümumilikdə 10 kilometrdən artıq məhəllə daxili yolun təmirini özündə ehtiva edir. 
Samux rayonunun ən böyük yaşayış məntəqələrindən biri də Ziyadlı kəndidir. Son illər digər yaşayış məntəqələrində olduğu kimi Ziyadlı kəndində sosial problemlərin həlli istiqamətində mühüm işlər görülüb. Ən əsası avtomobillərin və piyadaların rahat hərəkətini təmin etmək üçün yeni yollar salınıb.
Hazırda yol çəkilişi Ziyadlı kəndinin daxili küçələrində aparılır. Ağır texnika və işçi qüvvəsinin köməkliyi ilə asfaltsalma işlərinə hazırlıq görülür. Həyata keçirilən tədbirlərin yeni salınan yaşayış massivlərində də aparılması burada yaşayanları daha çox sevindirir.
İlqar Babayev- sakin: “Yollarımız bir neçə vaxt bundan əvvəl çox bərbad vəziyyətdə idi. Bu gün işlərimiz göz qabağındadır. Sevincimizin həddi- hüdudu yoxdur”.
Qarayeri qəsəbəsində də əhalini illərdir narahat edən sosial problemlər həllini tapır. Özü də işlərə yerli əhalinin cəlb edilməsi məşğulluqla bağlı çətinlikləri aradan qaldırır.
Mahirə Məmmədova- sakin: “Vacib problemimiz yol məsələsi idi. Yağış yağanda işə gedib gələ bilmirdik. Hər yer palçıq olurdu. İndi yollarımız çox yaxşıdır”.
Qabil Əliyev- sakin: “Uşaqlarımız məktəbə gedəndə çox narahat olurdu. İndi paltarları təmiz halda gedib gələ bilirlər”.
Kənd investisiya layihəsi çərçivəsində Samuxun Lək kəndində isə içməli su xətti çəkilir. Hazırda kəndin müxtəlif ərazilərində bulaq komplekslərinin inşası aparılır. Ümumilikdə isə son 3 ildə investisya layihəsi çərçivəsində Samux rayonunda 100-dən çox layihə həyata keçirilib. Gələcəkdə dövlət proqramı və investisiya layihəsi çərçivəsində digər kəndlərin də sosial problemlərinin mərhələli şəkildə həlli nəzərdə tutulub.

Keçidlər