Milli Qurtuluş Günü münasibəti ilə YAP Samux Rayon Təşkilatında “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarliq missiyasi” mövzusunda gənclərin iştirakı ilə seminar keçirildi
15 iyun-Milli Qurtuluş Günü münasibətilə YAP Samux Rayon Təşkilatında YAP Samux rayon Təşkilatının və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanın qurtuluş zərurəti və Heydər Əliyevin böyük xilaskarliq missiyasi” mövzusunda gənclərin iştirakı ilə seminar keçirildi. Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bu günün ölkəmizin tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edərək, ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası, dövlət qarşısındakı misilsiz xidmətləri barədə danışdı.
G.Bayramov 1993-cü ildə xaos və anarxiya şəraitində yaşayan, hər an parçalanmaq və məhv olmaq, yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanın nicat yolunu müəyyənləşdirən Heydər Əliyevin tarixi rolundan söz açdı. Bildirdi ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddaratının həll edildiyi ən ağır günlərdə ümummilli lider Heydər Əliyev öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtdı. Əslində Ulu Öndər müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərakatını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı qəlbinin hökmü ilə öz üzərinə götürmüşdür. Bu sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib meydana atılan geniş ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fadakarlığı idi. Ulu öndər Azərbaycanı dünyaya tanıtdı. Ona görə də Azərbaycan xalqı öz xilaskarlarını sevir və onun ruhu qarşısında baş əyir.
Seminarda çıxış edən Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov ulu öndər H.Əliyevin tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşmadığını qeyd etməklə, əslində Ulu Öndərin Azərbaycanın düçar olduğu bəlalardan xilasından, ölkədə yeni siyasi, iqtisadi, mənəvi situasiyaların yaradılmasından, genişmiqyaslı islahatların həyata keçirilməsindən ətraflı bəhs etdi.
Seminarda gənclərə Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 İyun-Milli Qurtuluş Gününün tarixi məqamlarına dair suallar verildi. Gənclər bu mövzuya aid suallara böyük həvəslə cavab verərək, Heydər Əliyevin ideya irsini dərindən mənimsədiklərini göstərməklə, onun kursunun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini qürurla qeyd etdilər.