Samuxda 100-dən artıq yerli sakin abadlıq işlərinə cəlb olunub.
Samuxda aparılan abadlıq-quruculuq işləri, rayon sakinlərinin məşğulluğunun təmin edilməsi baxımından da əhəmiyyət daşıyır. Rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə 100-dən çox samuxlu həm yaşadığı ərazini abadlaşdırır, həm də aldığı əmək haqqı ilə gündəlik tələbatını qarşılayır.
Samux rayonunun Qarayeri qəsəbəsində və Qovlarsarı kəndində bir neçə gündür kütləvi şəkildə abadlıq-quruculuq işləri aparılır. 36 il əvvəl inşa olunan binalarda uzun illərdir yığılan problemlər həll edilir.
Bayram Ələkbərov- sakin: “Əvvəllər bu binada yaşayan sakinlərin problemləri çox olurdu. Yağış yağanda su evə tökülürdü. Əhali əziyyət çəkirdi”.
İndi hər iki yaşayış məntəqəsində binaların dam örtüyü dəyişdirilir, fasad hissəsi müasir formaya salınır.
Əsgər Həsənov- Samux rayonunun baş memarı: “4 ədəd Qovlarsarı kəndində, 3 ədəd isə Qarayeri qəsəbəsində yerləşən binaların dam örtüyü dəyişdirilir. Bu işlər davam edir”.
Artıq 7 binadan 2-də işlər yekunlaşıb. Digər 5 binada isə xeyli sayda işçi qüvvəsi tərəfindən təmir davam etdirilir.
Samux rayonunun Qovlarsarı və Qarayeri qəsəbəsində aparılan abadlıq-quruculuq işləri tək yerli əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etmir. Həm də 100-ə yaxın sakinin işlə təmin olunmasına şərait yaradır.
Namiq Məmmədov- işçi: “Mən də bir sakin kimi bu abadlıq işlərinə görə şadam. Bir gənc kimi işlə təmin olunmuşam, ailəmin ehtiyaclarını ödəyirəm”.
Bütün bu işlərlə yanaşı, binaların həyətində salınan yaşıllıq güşələri əhalinin istirahətinə hesablanıb.