Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatında “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib

03 iyun 2016 | 16:00

03.05.2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatında  “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə YAP Samux  rayon təşkilatının  üzvləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu öndərin xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan xalqının daim multikultural dəyərlərə hörmətlə yanaşdığını, tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini vurğuladı. Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını heç də təsadüfi saymayan G.Bayramov qeyd etdi ki, bu gün dünyada baş verən bir sıra qarşıdurmaların əsasında məhz dözümsüzlük dayanır. Bu baxımdan, Azərbaycanda formalaşan tolerantlıq modeli bütün dünya xalqları üçün bir nümunədir.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatı Qadınlar Şurasınıın sədri Kəmalə Xəlilova vurğuladı ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ölkə konstitusiyası multikultural dəyərlərimizin qorunmasında, inkişafında sütun rolunu oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman Azərbaycanda dostluğun, birliyin hökm sürdüyünü vurğulayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada tolerantlıq ənənələrinin təbliği istiqamətində olduqca dəyərli işlər görülür. Bütün bunlar Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin bariz sübutudur.
Sonra tədbirdə çıxış edən Əhmədbəyli kənd ərazi ilk partiya təşkilatının sədri Ceyhun Mürsəlzadə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışdı. Vurğuladı ki, bu gün Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi şöhrət tapıb. Natiq ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin multikulturalizmin Azərbaycan modelinin dünyaya yayılmasında mühüm rol oynadığını dedi.
Daha sonra İnstitut qəsəbə ərazi ilk partiya təşkilatının üzvü Elnurə Nağıyeva, Qarayeri 1 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının üzvü Raminə Həsənova və Samux Poçtamt ərazi ilk partiya təşkilatının üzvü Aytən Əliyeva çıxış edərək, vurğuladılar ki, ümummilli lider Heydər Əliyev multikulturalizm və tolerantlıq siyasətini Respublikamızın demokratik inkişafında mühüm amil hesab edib. O, ölkə ərazisində yaşayan bütün milli azlıqların hüquq və azadlıqlarına, etnik mədəniyyətə və müxtəlif dinlərə məxsus insanların dini və mədəni dəyərlərinin qorunmasına həmişə əsas insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşıb. Dahi şəxsiyyət bu səbəbdən də xalqımızın, cəmiyyətimizin, bütövlükdə Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən multikulturalizmin əsas mənəvi bazası hesab olunan azərbaycançılığı milli ideologiya səviyyəsinə qaldırıb.
Tədbirin sonunda belə mühüm mövzulara həsr olunan tədbirlərin Samux rayonunda keçirilməsinin təqdirəlayiq hal olduğu qeyd edildi.

Keçidlər