Samux rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika Günü münasibətilə “Əbədi ezamiyyət ” filmi nümayiş olundu
Bu gün Samux rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika Günü münasibətilə “Əbədi ezamiyyət ” filmi nümayiş olundu.
İlk öncə tədbir iştirakçıları Samux rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər əliyevin büstü önünə gül –çiçək dəstələri qoydular.
Sonra mərkəzin 3D kinoteatrında keçirilən tədbiri giriş sözü ilə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açaraq Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün haqqında iştirakçılara ətraflı məlumat vermişdir. “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir. Belə ki, ilk dəfə qadınlara seçim hüququ verilmiş, milli ordu, milli pul, milli bank yaradılmış, azad seçkilər təşkil edilmiş, beynəlxalq əlaqələr qurulmuşdur. 9 noyabr 1918-ci ildə üçrəngli dövlət bayrağı qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai – siyasi şəraitdə 23 ay fəaliyyət göstərə bilmişdir.”
Tədbirdə Samux Rayon Təhsil Şöbəsinin Müdir müavini Faiq Həsənov və rayon məktəblilərinin direktorları, rayon ziyalıları, məktəblilər və rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak etmişlər. Samux Rayon Heydər Əliyev Mərkəzi tərəfindən müntəzəm olaraq mərkəzlə əməkdaşlıq edən bir neçə məktəb direktorları və müəllimlər, istedadlı gənclər Diplomlarla mükafatlandırılmişdir.
Tədbirin bədii hissəsində “Əbədi Ezamiyyət” filmi olmuş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Onu qeyd edək ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keçməkeçli taleyindən bəhs edir.