Samuxda yeni iş yerləri yaradılıb.
Samux rayonunda 2016-cı ilin birinci rübündə 273-ü daimi olmaqla 740 yeni iş yeri yaradılıb, orta aylıq ödəniş 182 manat olmaqla 227 ailəyə sosial yardım təyin olunub. Hesabat dövrünün yekunlarının müzakirə edildiyi iclasda həyata keçirilən sosial layihələrlə yanaşı Qırmızı Samux qəsəbəsində 5 min hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində işlərin davam etdirilməsinə diqqət çəkilib. Sarıqamış kəndində fəaliyyət göstərən heyvandarlıq kompleksi də rayonda aqrar sahənin inkişafında mühüm yer tutur. Toplantıda İnstitut və Qarayeri qəsəbələrində, eləcə də Sərkar kəndində əlavə tədris korpuslarının tikintisi, Alıuşağı kənd tam orta məktəbi üçün yeni binanın inşasının nəzərdə tutulduğu vurğulanıb. Yaxın günlərdə isə Alabaşlı qəsəbəsində körpələr evi-uşaq bağçası üçün yeni bina istifadə veriləcək.






