Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 40 ildən sonra yenidən pambıq əkininə başlanılıb

21 aprel 2016 | 16:00

Yeni iş yerləri və istehsal müəssisələrinin açılması, ölkənin ağ qızıl şöhrətinin bərpası. Samuxda 40 ildən sonra pambıq əkininə başlanılması bu məqsədlərə xidmət edir. Mütəxəssislər torpağın münbitliyini nəzərə alaraq 300 hektar sahədə becəriləcək pambığın məhsuldarlığının yüksək olacağı qənaətindədir.
Asif Saatov- təsərrüfat sahibi: “Bu torpaq qızıl kimi torpaqdır. Burada nə əksən məhsul verəcək. Əvvəllərdə - 40 il bundan öncə də Samux rayonunda pambıqçılıq olub. İndi də bu ildən başlamışıq, ümidimiz böyükdür”.
Samuxun Qırmızı Samux qəsəbəsində ilkin olaraq 200 ha-da əkin aparılması planlaşdırılsa da, torpağın münbitliyini nəzərə alaraq daha 100 ha sahə səpinə hazır vəziyyətə gətirilib. 50-ə yaxın kəndlinin işlə təmin edildiyi təsərrüfatda 100 ha sahədə artıq səpin yekunlaşıb. Pambıq səpinini vaxtında yekunlaşdırmaq üçün kənd zəhmətkeşləri əlverişli hava şəraitindən və maşın-mexanizmlərin köməyindən maksimum istifadə etməyə çalışırlar.
Sahələrdə səpinin vaxtında və itkisiz başa çatdırılması üçün kifayət qədər texnika var. Hər bir maşın mexanizm isə sutka ərzində 50 hektar sahədə səpin aparmaq gücünə malikdir. Bu isə ondan xəbər verir ki, səpin vaxtında başa çatdırılacaq.
Sahələrin normal suvarılması da təmin edildikdən sonra, proqnozlar hər hektardan minumum 30 sentner məhsul götürməyi vəd edir.
Arif Məmmədov- Samux rayon İcra Hakimiyyətinin baş məsələhətçisi: “Nəzərdə tuturuq ki, növbəti pambıq sahələrini 500-600 hektara çatdıraq. Bu isə bizim kənd zəhmətkeşlərinin iqtisadi imkanlarının artırılmasında böyük rol oynamalıdır”.
Əgər proqnozlar özünü doğrultsa, Samuxda Asif Saatov kimi pambıq təsərrüfatçılarının sayı artar. Bu isə ölkənin ağ qızıla hesablanan iqtisadi qüdrətini bərpa etməklə, məşğulluğun təminatına təkan verər.
Natiq Hüseyn

Keçidlər