Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib

14 mart 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova martın 14-də Samux şəhərindəki 2 saylı orta məktəbdə Gəncə, Mingəçevir, Naftalan şəhərlərindən və Samux, Göygöl, Yevlax, Goranboy, Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Komitə sədri Hicran Hüseynova və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən məşğulluq, qadın sahibkarlara kömək, əlil uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər və sair barədə olub.
Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Komitə sədri Hicran Hüseynova rayonun fəal qadınları ilə görüşüb. Görüşdə Samux rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər məsələlər müzakirə olunub.

Keçidlər