Şriftin ölçüsü :

Saytın rəngi :

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

14 mart 2016 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov martın 14-də Samuxda vətəndaşları qəbul edib.
ƏMDK-dən AZƏRTAC-a bildirilib ki, komitənin sədri qəbulda Gəncə şəhərində, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşların müraciətlərini dinləyib və həlli istiqamətində zəruri tapşırıqlarını verib. Qəbulda 70-ə yaxın vətəndaş iştirak edib.
Müraciətlərin sırasında mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına alınmasında kömək göstərilməsi barədə müraciətlər olub. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi barədə də müraciətlər səsləndirilib. Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciət edib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub. Digərləri torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid olub. Həmçinin vətəndaşlar işlə təmin olunma və digər məsələlərlə bağlı kömək göstərilməsi barədə xahişlərini də çatdırıblar.
Komitənin sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatdırılacağı vətəndaşlara bildirilib.
Torpaq məsələlərinə toxunan komitə sədri müvafiq qanunvericiliyə əsasən torpaqların hüquqi rejiminə və kateqoriyasına uyğun istifadəsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, torpaqların elektron uçotu ilə bağlı martın 7-də dövlət başçısı tərəfindən müvafiq Fərman imzalanıb. Fərmanın məqsədi torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. 2020-ci ilədək respublikanın bütün torpaqlarının elektron kadastr uçotu sisteminin yaradılması tapşırığı verilib. Bu istiqamətdə artıq komitə tərəfindən işlər aparılır, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.
Eyni zamanda, qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artırılması, rahat, çevik və əlçatan xidmətlərin təqdim olunması istiqamətində son illərdə zəruri işlərin həyata keçirildiyini xatırladıb. Bunlar qeydiyyat və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqi, elektron və onlayn xidmətlər, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləridir. Bu səbəbdəndir ki, əhalinin qeydiyyata olan marağı da ilbəil yüksəlir.
Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar razılıqlarını bildiriblər.

Keçidlər