Samuxda böyük kənd təsərrüfatı layihəsi həyata keçirilir.
Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002—2005-ci illər)», «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır. Buna görə də ölkəmizdə yeni layihənin icrasına başlanılmışdır. Bu layihələrdən biri də Samux rayonunun iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinə, eləcə də əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaradacaq, böyük bir ərazidə əkiləcək dənli-paxlalı bitkilər hesab edilə bilər. Bu ərazi hələlik 3 min hektarlıq sahəni əhatə edir. Burada yeni mövsümdən qarğıdalı, buğda, qismən də günəbaxan, soya və yonca bitkisi əkiləcək.
Ərazidə işləyən təşkilatlarla keçirilən görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocaeyev qeyd etdi ki, hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəməyə imkan verir və mütəxəssislərə görə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta səviyyədə qiymətləndirilir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf" Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Əkin sahələrinin suvarılması üçün yeni sistem yaradan “ABKON” şirkətinin baş mühəndisi Zabil Kəlbiyev çıxış edərək bildirdi ki, “Sumqayıtda istehsal olan borulardan istifadə olunur. 13 km- lik kəmər iki ay müddətinə istifadəyə veriləcək. Artıq 3 km-ə yaxın boru montaj olunub. Sabahdan borular çalaya endiriləcək. Daha sonra 5 min kubluq iki su anbarı tikiləcək, 3 nasos stansiyası qurulacaq. 40 km yaxın polietilen borudan suvarma xətləri çəkiləcək”.
Hazırda 170-ə yaxın işçinin çalışdığı ərazidə 70 nəfər yerli sakin işlə təmin edilib.
Samux Rayon Lüksemburq kənd sakini Füzuli Zahirov çıxışında aşağıdakıları dedi: “Burda işə cəlb olunanlar - biz hamımız daha əvvəl işsiz idik. Bu layihəyə başlandıqdan sonra işlə təmin olunduq”.
Təsərrüfat-tikinti işlərinin aparılması yerli şirkətlərə həvalə olunub. Bu şirkətlər isə öz növbəsində yerli tikinti materiallarına üstünlük verir. Artıq ərazidə inzibati binaların inşası da gedir.
Məqsəd Yusifov -sahə rəisi: “Ofis binasının təməli qoyulub. İki qoşa anbar tikilir - onların da təməli qoyulub. Böyük bir qarajın tikintisilə bağlı hazırlıq işləri gedir. Yaxın günlərdə betonlanacaq. Taxıl anbarının qazıntısı başa çatıb”.
Taxıl anbarının tutumu 60 min tondur. Ərazidə təmizləmə və qurutma avadanlıqları da inşa ediləcək. Layihə çərçivəsində artıq xaricdən kənd təsərrüfatı texnikaları da gətirilib.
Cahid Mövlayev -"Agro Dairy" MMC-nin baş aqronomu: “24 ədəd traktor, 5 ədəd taxılbiçən kombayn, iki ədəd yemyığan kombayn, 2 ədəd özüyeriyən qollu çiləyici, kultivator və taxılsəpən alınıb. Hazırda təsərrüfat üçün yağışyağdırma üsuluna əsaslanan müasir suvarma sistemi qurulmaqdadır”.
Mayda - əkin zamanı yüksək keyfiyyətli intensiv sortlardan istifadə edilməsi nəzərdə tutulur. Hər hektardan 80-100 sentner məhsul götürüləcəyi gözlənilir.