Dövlət Miqrasiya Xidməti Samuxda maarifləndirmə tədbiri keçirib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən maarifləndirmə tədbirlərinə start verilib. Gəncə regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Samuxda əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə təşkil olunmuş maarifləndirmə tədbirində Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı bildirib ki, miqrasiya və miqrantlar məsələsi bu gün müasir dünyanın geniş müzakirələrə səbəb olan ən aktual mövzularındandır. Prezident İlham Əliyevin dediyi kimi “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.
2007-ci ildə yaradılan Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanıdır.
Tədbirdə diqqətə çatdırılıb ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir.
Tədbirdə məlumat verilib ki, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Maarifləndirmə tədbirində ölkəmizdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı söhbət açılıb. Bu sahədə DMX-nin əldə etdiyi nəticələr barədə məlumat verilib. Yerli icra orqanlarından belə şəxslərin aşkarlandığı halda sənədləşdirilməsi üçün Xidmətə müraciət etmələrinə köməklik göstərilməsi xahiş olunub. Eyni zamanda ölkədə müvəqqəti və daimi yaşama icazələrinin verilməsi üçün əsaslar, tələb olunan sənədlər, müraciət formaları haqqında ətraflı izahedici söhbətlər aparılıb.
Dövlət Miqrasiya Xidmətinə ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105.550 şəxs tərəfindən müraciət və Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub. Həmçinin, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.