Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda XOCALI SOYQIRIMININ 21-ci il dönümü anıldı.

28 fevral 2013 | 16:00

Samux rayon İcra hakimiyyətinin  başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 18-26 fevral tarixlərində rayonun bütün  ümumtəhsil müəssisələrində, idarə, müəssisə və təşkilatlarda XOCALI SOYQIRIMININ 21-ci il dönümü münasibəti ilə anım mərasimləri keçirilmiş, şahmat turniri və ədəbi-bədii kompozisiya təşkil olunmuşdur.
Samux gəncləri adından dünya xalqlarına, BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət qəbul olunmuşdur.
26 fevral 2013-cü il tarixində rayonda XOCALI SOYQIRIMININ 21-ci il dönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir rayon Mərkəzi mədəniyyət evində təşkil olunmuş rəsm sərgisi ilə başlamışdır. Sərgidə rayonun 34 ümumtəhsil məktəbi və məktəbdənkənar təhsil müəssisəsi tərəfindən  160 rəsm əsəri nümayiş   etdirilmişdir. Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri sərgi ilə tanış olmuşlar.
Tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbirdə  hüquq-mühafizə  orqanlarının, idarə, müəssisə  və təşkilatların rəhbərləri, qeyri  hökumət təşkilatlarının, özəl  strukturların, ağsaqqalların, gənclərin, ziyalıların və mətbuatın nümayəndələri iştirak  edirdi.
Anım tədbiri XOCALI SOYQIRIMINA həsr olunmuş filmin nümayişi ilə başlandı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbirdə çıxış edərək  soyqırımı haqqında ətraflı məlumat verdi. Natiq bildirdi ki, Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən  26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin və Rusiyanın   366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Ermənilər bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir götürməkdən çəkinməmişdilər.  O vaxt ki, Azərbaycan hökuməti isə faciəni xalqdan  gizlətməyə çalışmışdı.  Martın 1-də xarici və yerli  jurnalistlərdən ibarət qrup buraya gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür.   Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı onların içərisində daha dəhşətlisidir.  Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar.
Xocalı faciəsinin canlı şahidləri rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov və rayon  Məhkəməsinin  Baş icraçısı Rusif Quliyev çıxışlarında o müdhiş hadisə haqqında ətraflı məlumat vermişdir.

Keçidlər