Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrinə dair hesabat yığıncağı keçirildi.
Memarı və qurucusu ümummilli liderimiz, Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikasında, ulu öndərin başladığı sosial-iqtisadi islahatların möhtərəm Prezidentimiz, cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq, uğurla davam etdirilməsinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə sürətli inkişafa nail olunmuşdur. Bu baxımdan yeni yola saldığımız 2015-ci il də çox uğurlu il olmuşdur. 2015-ci ildə Azərbycan öz beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, böyük iqtisadi inkişafa nail ola bilmişdir. Ölkəmizin bütün şəhər və kəndlərində sürətli inkişaf gedir.
Azərbaycan Respublikası Prezidentinin 1999-cü il 16 iyun tarixli 138 saylı fərmanı ilə təsdiq edilmiş, “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnaməyə və Azərbaycan Respublikasının Konistitutsiyasının 124-cü maddəsinin 1-cü hissəsinə uyğun olaraq yerlərdə İcra Hakimiyyətinin funksiyasını yerli İcra Hakimiyyətinin Başçıları həyata keçirir.
Yerli İcra Hakimiyyəti Başçısının fəaliyyəti aşağıdakı prinsiplərlə həyata keçirilir.
- Vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi,
- Müvafiq ərazinin, əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın sosial-mədəni inkişafının təmin edilməsi,
- Qanunçuluq
- Dövlət mənafelərinin və yerli mənafelərin uzlaşdırılması
- Aşkarlıq və ictimai rəyin nəzərə alınması
Əsasnamənin 36-cı maddəsinə müvafiq olaraq tabeli şəhər, qəsəbə və kəndlərdə rayon İcra Hakimiyyətinin Nümayəndəliyi fəaliyyət göstərir. Həmin nümayəndəliyə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təyin olunmuş nümayəndə rəhbərlik edir.
Rayon İcra Hakimiyyəti Nümayəndəsi :
1. Rayon İcra Başçısının səlahiyyətlərinin həyata keçirilməsinə köməklik göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir.
2. Vətəndaşların qəbulunu həyata keçirir. Onların şikayət, ərizə və təkliflərinə baxıb, lazımi tədbirlər görür, onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş digər arayışlar verir.
3. Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir.
Samux şəhərində 2656 təsərrüfatda 9955 nəfər əhali yaşayır, o cümlədən məcburi köçkün ailələrində 367 nəfər yaşayır və 216 nəfər müvəqqəti qeydiyyatdadır.
Şəhər İnzibati Ərazi Dairəsi 3386 hektar torpaq sahəsini əhatə edir ki, onun da 648 hektarı bələdiyyə, 195 hektarı dövlət və 2542 hektarı isə xüsusi mülkiyyətdədir. Şəhərin əhalisi 9955 nəfər təşkil edir ki, onlardan da 5450 nəfəri əmək qabiliyyətlidir. Əmək qabiliyyətli əhalinin təxminən 1200 nəfəri dövlət müəssisələrində, sosial obyektlərdə, təhsil, səhiyyə, mədəniyyət sahələrində, 280 nəfəri ticarət və ictimai iaşə sahələrində, qalan hissəsi isə fərdi təsərrüfatlarda çalışır.
Rayon iqtisadiyyatını əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir ki, bu səbəbdən də şəhər əhalisinin bir hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Şəhər ərazisində 2631 hektar əkinə yararlı torpaq sahəsi vardır ki, hesabat ilində əkin sahələrində 823 hektar taxıl (67 ha buğda, 756 hektar arpa) əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafına kömək məqsədi ilə imzaladığı müvafiq sərəncamdan sonra şəhər əhalisi arasında kənd təsərrüfatı məhsullarının istehsalına maraq daha da artmışdır. Belə ki, 2015-ci ildə nümayəndəliyin ərazisində 67 hektarda 2900 ton buğda, 760 hektarda 2500 ton arpa, 77 hektarda 367 ton qarğıdalı, 52 hektarda 93 ton günəbaxan,97 hektarda 54 ton şəkər cugunduru 18 hektarda 220 ton kartof, 93 hektarda 937 ton tərəvəz, 35 hektarda 584 ton bostan bitkiləri, 130 hektarda 2273 ton meyvə, 100 hektarda 988 ton üzüm, 4632 ton ot, 361 ton küləş, 96 ton ət, 18 ton süd, 16 mln yumurta istehsalı olmuşdur ki, bu da əvvəlki illərdən təxminən 1,2 dəfə çoxdur.
Kənd təsərrüfatı ilə məşğul olan əhalini maraqlandıran ən vacib məsələlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təmin olunmasıdır. Hesabat dövründə nümayəndəlik bələdiyyə ilə birlikdə bu sahədə qarşıya çıxan problemlərin təxirə salınmadan həll edilməsi üçün il ərzində rayon Suvarma Sistemləri İdarəsi ilə birgə fəaliyyət göstərmiş, subartezian quyularının, suvarma kanallarının işlək vəziyyətdə saxlanılması üçün lazımi tədbirlər görmüşlər. Şəhər ərazisində 73 subartezian quyusu və 2 elektrik nasosu əhalinin istifadəsindədir. Rayon rəhbərliyinin yaxından köməyi nəticəsində subartezian quyuları daim işlək vəziyyətdə olmuş, 2 subartezian quyusu qazılıb istifadəyə verilmiş, buda əkin sahələrinin vaxtında suvarılıb bol məhsul əldə olunmasına səbəb olmuşdur. Əhalinin içməli su təhcizatının yaxşılaşdırılması üçün rayon rəhbərliyinin köməyi ilə 610 m uzunluğunda su xətti və 25m uzunlugunda su otrucu boru çəkilmişdir. Rayonumuzda istehsal olunan günəbaxan məhsulunun ilkin emalı, bir neçə qablaşdırma sexi fəaliyyət göstərir. Yaxşı olardı ki, rayonda yaşayan əhalinin şəxsi təsərrüfatında yetişdirilən meyvə məhsullarının satışında problemlərin yaranmasını nəzərə alaraq ərazidə məhsulun qurudulması və saxlanması üçün soyuducu sexlərin quraşdırılmasına diqqət yetirilsin.
“1941-1945-ci il Böyük Vətən Müharibəsi” iştirakçılarının şərəfinə ucaldılmış abidələrdə cari təmir işləri aparılıb, əsaslı təmirə ehtiyac vardır. Şəhərin yeni salınmış yaşayış massivlərinin bir neçəsində qum-çınqıl tökülməsinə, qaz və işıq xətlərinin çəkilməsinə ehtiyac vardır.
Nümayəndəlik Kommunal Təsərrüfatı İstehsalat Birliyi idarəsi ilə birlikdə şəhər daxilində və ətrafında daimi olaraq təmizlik abadlıq işləri aparır.
2015-ci ildə şəhər əhalisinə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin elektrik enerjisinə, təbii qaza və içməli suya olan tələbatının lazımi səviyyədə ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Əhali maye qazdan, elektrik enerjisindən və telefon xidmətindən fasiləsiz olaraq 24 saat istifadə edir. Elektrik enerjisindən istifadə edən abonentlərin sayı 2167 olmuş və il ərzində 37 ailəyə yeni elektrik xətti çəkilmişdir. Qazdan istifadə edən abonentlərin sayı 2152 olmuş və il ərzində 78 ailəyə yeni qaz xətti çəkilmişdir. Şəhər ərazisində 1650 ailəyə telefon xətti, 449 ailəyə isə sürətli internet xidməti göstərilir. TKQ tərəfindən yeni yaşayış massivlərinə xətlər çəkilərək 35 ailəyə telefon çəkilmişdir.
Şəhər icra nümayəndəliyi QİS, PEŞ və Su Kanal İdarəsi ilə daimi əlaqə saxlayaraq kommunal xidmət haqlarının yığılmasında fəallıq göstərərək, yığım faizinin yüksək olması üçün köməklik göstərmişdir.
Nümayəndəliyin ərazisində 3 orta məktəb, 4 uşaq baxçası var. Il ərzində nümayəndəliyin işçiləri məktəblər və uşaq bağçaları ilə daim əlaqə saxlamış, bu təşkilatlara kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına nail olmuşlar. Bundan əlavə nümayəndəlik ərazisində 2 mədəniyyət evi, Mərkəzi kitabxana sistemi və 1 kitabxana, Mərkəzi rayon xəstəxanası, Feldşer Mama Məntəqəsi, 1 Uşaq gənclər İdman məktəbi, 1 Uşaq Musiqi məktəbi, Uşaq yaradıcılıq məktəbi, 1 şahmat məktəbi vardır. Eyni zamanda şəhər əhalisinə ictimai iaşə obyektləri, 2 şadlıq sarayı, 2 aptek, onlarla ticarət obyekti xidmət göstərir.
Hesabat ilində 1, 2 və 4 saylı uşaq baxçalarında cari təmir işləri görülmüş, 4 saylı uşaq baxçasında istilik sistemi təmir edilmişdir 3 saylı uşaq baxcasında əsaslı təmir işi aparılmışdır. Il ərzində baxçaların ərzaq təminatında ciddi dönüş yaradılmış, bunun nəticəsində uşaqların davamiyyəti yüksək olmuşdur. Hesabat ilində həmçinin 2 yeni uşaq baxçası tikilərək, istifadəyə tam hazır hala gətirilmişdir.
Şəhər ərazisində fəaliyyət göstərən 3 tam orta məktəbin qızdırılması mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə həyata keçirilir. Il ərzində məktəblərə daim nəzarət olunmuş, qarşıya çıxan çatışmamazlıqlar aradan qaldırılmış, məktəblərdə istilik normal olmuşdur.
Samux şəhər Alıncalı küçəsi Elcin Məmmədov dongə 2 Elcin Məmmədov dongə 1 Məməd Əsədov, Nərman Nərmanov dongə1 Duldul təbriz küçələrinə asfalt örtuyu salınmış,4 küçəyə qum-çınqıl tökülərək hamarlanmışdır.
Şəhərin daxilində 3 yerdə yeni parklar salınmış, hovuzlar düzəldilmiş, küçələrə işıq dirəkləri basdırılmışdır ki, bunlar da şəhərə xüsusi gözəllik verir.
.
Bütün nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası xüsusi rol oynamışdır. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayevin rəhbərliyi altında rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri nəticəsində rayonumuzun siması, xüsusilə rayonun mərkəzinin siması əsaslı şəkildə dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında 24 noyabr 2003-cü il tarixli Fərmanının 7-ci bəndinə əsasən yerlərdə vətəndaşların ərizə və şikayətlərinə baxılması və onların haqlı tələblərinin təxirə salınmadan həll olunması üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, il ərzində vətəndaşlar tərəfindən 42 ədəd yazılı ərizə daxil olmuşdur ki, həmin ərizələrdə qaldırılmış problemlər müsbət həll olunmuşdur. Eyni zamanda hesabat ilində nümayəndəliyə ayrı-ayrı təşkilatlardan 54 ədəd məktub daxil olmuş, müraciətlər və müxtəlif məsələlərlə bağlı 129 ədəd məktub göndərilmişdir. Əhaliyə 3486 ədəd arayışlar və müxtəlif məsələlərlə bağlı 40 əmr və verilmişdir. Şifahi qəbula gələnlər 31 nəfər olmuşdur.
Hesabat ilində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir ki, bu da öz növbəsində çağırış yaşlı gənclərin hərbidən yayınması hallarının tamamilə aradan qaldırılmasına səbəb olmuşdur.
Gənclərin növbəti hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı bütün tədbirlər görülmüşdür. Gənclərin hərbi qeydiyyata alınması işi rayon Hərbi Komissarlığı ilə birgə həyata keçirilir.
Görülmüş işlərlə bərabər, 2016-ci ildə də qarşımızda böyük vəzifələr durur. Belə ki, cari ildə tikinti-quruculuq və abadlıq işlərini daha da sürətləndirməliyik. 2016-ci ildə şəhərin bir neçə küçəsində yenidənqurma işləri aparılmalıdır. Rayon İHB-sı cənab Alı Qocayevin yaxından köməkliyi və qayğısı sayəsində böyük həcmli iş olan şəhərin kanalizasiya sisteminin və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasına, nail olmalıyıq. Eyni zamanda cari ildə şəhərin yeni salınmış yaşayış massivlərinə təbii qaz və elektrik enerjisi sim kabel xətlərinin çəkilməsini başa çatdırmalıyıq.