Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda həyata keçirilən tədbirlərin müsbət nəticəsini görürük

28 yanvar 2016 | 16:00

Yaşadığım Samux rayonunda əhali əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Onlar dövlət tərəfindən verilmiş pay torpaqlarında hər il tonlarla məhsul yetişdirib həm özlərini ərzaq məhsulları ilə təmin edir, həm də artıq qalanını satıb gün-güzəran qururlar. Artıq rayonun elə bir kənd və qəsəbəsi yoxdur ki, abad və yaraşıqlı olmasın. Sakinlərin qaz, su, işıq təminatı sarıdan da bir çətinliyi yoxdur.

Son bir ildə Samuxda onlarca istehsal müəssisəsi yaradılıb ki, bunun da nəticəsində 1000-ə yaxın iş yeri açılıb. Hazırda rayonun Kürqırağı ərazisindəki kəndlərdə yaşayan sakinlərin məşğulluğunun təmin edilməsi məqsədilə “Bozdağ” adlanan heyvandarlıq kompleksinin tikintisi aparılır. Kompleks işə düşdükdən sonra burada 300 nəfərə yaxın işçi çalışacaq. Bundan başqa, yem tədarükü sexində də işlər xeyli sürətləndirilib. Söz yox ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.

İndi neftin qiyməti bir neçə dəfə aşağı düşüb. Bununla bağlı manat da devalvasiyaya uğrayıb. Lakin biz görürük ki, Azərbaycan dövləti hazırkı vəziyyətdən çıxmaq üçün ciddi tədbirlər görür. Ölkə rəhbəri çalışır ki, Azərbaycan böhranlı vəziyyətdən daha az itkilərlə çıxsın.

Ən əsası da odur ki, insanların sosial müdafiəsi daim diqqətdə saxlanılır. Pensiyaların, əməkhaqlarının, ünvanlı sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsi genişləndirilir və bu istiqamətdə digər mühüm addımlar atılır. Yerli məhsulların  qiymətlərini süni yolla artıran üzdəniraq iş adamlarına qarşı aparılan mübarizə də öz müsbət nəticəsini verir ki, bu da aztəminatlı ailələrin dolanışığına müsbət təsir göstərir.

Azərbaycan dövləti əvvəllər də analoji məqamlarda güclü iradə nümayiş etdirmişdir. İndi də belədir. Bu isə o deməkdir ki, ölkəmizdə insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilir.

Həmzə HƏMZƏYEV,

Samux Rayon Ağsaqqallar Şurasının sədri

 

Keçidlər