Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda şagirdlər narkomaniyaya qarşı maarifləndiriliblər

18 yanvar 2016 | 16:00

Samuxda “Narkomaniyaya yox deyək!“ mövzusunda növbəti tədbir keçirilib. Əsas məqsəd, yetişməkdə olan nəsli ağ ölüm bəlasından qorumaq, onların sağlam ruhda tərbiyəsinə şərait yaratmaqdır. Görüşdə, erkən nikah məsələsi də müzakirə olunub.

Samux Rayon Polis Şöbəsinin məsul işçiləri təhsil müəssisələrində şagird və müəllim kollektivi ilə görüşlərini davam etdirirlər. “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbir Qarabağlılar kənd tam orta məktəbində keçirilib. Çıxış edənlər narkomaniyanın yaratdığı fəsadlardan danışıblar. Məlumat verilib ki, narkotik vasitələrdən istifadə, gələcək nəsili yox olmaq təhlükəsi ilə üzləşdirir. Bu cür vərdişlərə meyl edən şəxslər təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər. Tədbirdə erkən nikah hallarının fəsadlarından da danışılıb. Xüsusilə kənd yerlərində məktəb yaşlı qızlar təhsildən yayındırılaraq nikaha cəlb olunurlar. Əksər hallarda belə ailələr uzunömürlü olmur. Valideynlərin bu cür hallara yol verməməsi tövsiyə olunub.

Arzu Məmmədov- Samux Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis köməkçisi: “Tədbirlər planına əsasən, biz məktəblərdə mütəmadi olaraq görüşlər keçiririk. Bu cür tədbirlər özünü müsbət tərəfdən doğruldur. Çünki Samux rayonunda məktəb yaşlı uşaqların narkotik vasitəyə meyl etməsi xeyli azalıb, ancaq buna baxmayaraq biz profilaktik tədbirlərimizi davam etdirəcəyik”.

Samux rayonunun 10-dan çox təhsil ocağında bu cür görüşlər keçirilib. Tədris ilinin sonunadək tədbirlər bütün məktəbləri əhatə edəcək.

 

Keçidlər