Samux rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı.
19 fevral 2013-cü il tarixində Samux rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağından əvvəl iştirakçılar tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulmuşdur.
260 nəfərin iştirakı ilə keçirilən yığıncaqda idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri , bələdiyyə sədrləri, qeyri hökumət təşkilatlarının, özəl strukturların, ağsaqqalların, gənclərin, ziyalıların və mətbuatın nümayəndələri iştirak etmişlər.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov hesabat yığıncağında iştirak etmişdir.
Hesabat yığıncağında “2012-ci ildə sosial – iqtisadi sahədə görülən işlərin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə dair ” hesabat məruzəsi ilə İcra Hakimiyyəti başçısı çıxış etmişdir. Məruzədə qeyd edilmişdir ki, ölkəmizdə olduğu kimi 2012-ci il Samux rayonu üçün də çox uğurlu il olmuşdur. Ötən il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılmış və nəticədə yüksək nailiyyətlər əldə olunmuşdur. Əldə olunmuş uğurlar statistik göstəricilərdə də öz əksini tapmışdır. Belə ki, Rayonun inkişafını xarakterizə edən əsas makroiqtisadi göstərici – ümumi məhsul buraxılışının həcmi 98,1 milyon manata çatmışdır. Ötən illə müqayisədə onun həcmi 17,9 faiz artmışdır. Ümumi məhsul buraxılışının adambaşına düşən həcmi 1762 manat olmuşdur. Ümumi məhsul buraxılışının 82,6 faizi qeyri-dövlət sektorunun payına düşür ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz çoxdur.
2012-ci ildə rayon iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 232,9 manat təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 3,9 faiz çoxdur.
Cənab Prezidentin qətiyyəti sayəsində hesabat ilinin iyun ayının 1-dən başlayaraq sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsinə başlanmışdır. Kompensasiyaların verilməsi rayonumuzda da yüksək səviyyədə təşkil olunmuş və 2012-ci il sonuna kimi rayon üzrə müraciət etmiş 4372 əmanətçiyə vəsait ödənilmişdir. Rayonda sosial-iqtisadi inkişafın bütün sahələrində əsaslı dönüş yaradılmış və nəticədə yüksək nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 17 min əhalisinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisinə başlanmış və qısa müddət ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Həmin yolun keçdiyi yaşayış məntəqələrində geniş abadlıq işləri aparılmış, yolun kənarlarında park və xiyabanlar salınmışdır.
Ümummilli liderin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işlərinə başlanmışdır. Parkda ümumi sahəsi 1400 kv.m. olan Heydər Əliyev mərkəzinin, kafenin, oyun zalının və çay evinin tikintisinə başlanmış, hazırda işlər davam etdirilir. Parkın su sistemi, elektrik təchizatı sistemi qurulur, meydanın və gəzinti yollarının kənarına mərmər bordürlər düzülür. Eyni zamanda parkın sahəsi genişləndirilmiş, giriş hissəsinin yenidən qurulması başa çatmış, qarşısına dekorativ hasar çəkilişinə başlanmış və hazırda burada işlər davam etdirilir.
Şəhərin Heydər Əliyev prospektinin yenidənqurması layihəsinə uyğun olaraq, prospektin sağ tərəfində üç ədəd parkın salınması başa çatdırılmışdır. Bu parklarda insanların rahat istirahəti üçün bütün şərait yaradılmışdır.
Arif Nəbiyev, 28 may, N. Nərimanov, Tofiq İsmayılov və M.P.Vaqif küçələrində, Kolayır prospektində təmir və bərpa işləri həyata keçirilmişdir. Kolayır prospektinin və Samux şəhər - Yenikənd yolunun kənarında 710 metr uzunluğunda dekorativ hasar quraşdırılmışdır.
Gəncə şəhərindən rayon ərazisinə giriş hissədə olan rayonun ad göstəricisi kompleksi yeni layihə üzrə inşa edilmişdir.
Tikintisinə ötən il başlanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdırılmış, hazırda binanın təhvil verilməsi ilə bağlı son tamamlama işləri görülür. Rayon Prokurorluğunun yeni inzibati binası inşa edilərək, istifadəyə verilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılmışdır. Son 9 ildə rayonda 15 yeni məktəb binası inşa edilmiş, 14 məktəbdə, 4 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Bu baxımdan ötən il daha uğurlu olmuşdur. Belə ki, 2012-ci ildə rayonda rekord miqdarda yeni məktəb binası inşa edilmişdir. Şəhər 2 saylı tam orta məktəbi üçün 360 şagird yerlik, Lək kənd tam orta üçün 220 şagird yerlik, Poylu və Salahlı kənd məktəbləri üçün isə 180 şagird yerlik, Qiyaslı məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Tikintisinə hesabat ilində başlanmış 180 şagird yerlik Seyidlər kənd tam orta məktəbində işlər başa çatmışdır. Samux şəhər 1 saylı uşaq bağçasının isə əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Hesabat ilində rayonda yeni istehsal sahələrinin və iş yerlərinin açılması istiqamətində də müəyyən işlər görülmüşdür. Rayonun İstixana kəndi ərazisində 3 hektar ərazidə faraş meyvə-tərəvəz istehsal edəcək “Aqrikola” MMC İstixana kombinatı fəaliyyətə başlamışdır. Hazırda kombinatda 30 nəfər daimi işlə təmin edilmişdir, müəssisənin tam fəaliyyətə başlaması ilə rayonun 100-dən çox vətəndaşı daimi işlə təmin olunacaqdır. Eyni zamanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən “Aqroenerjikompleksi”nin yaradılması müəyyənləşdirilmişdir. Kompleksdə alternativ enerji istehsalı üzrə elektrik stansiyasının, istixananın, balıq yetişdirilməsi hovuzunun, heyvandarlıq kompleksinin tikintisi nəzərdə tutulur. Ümumi dəyəri 94 milyon manat olan kompleksin fəaliyyətə başlaması ilə 1000 nəfər rayon sakini daim işlə təmin olunacaqdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2012-ci il ərzində 747 iş yeri açılmışdır. Onlardan 486 iş yeri daimi, 261 iş yeri müvəqqətidir. Ümumilikdə 2004-2012-ci illər ərzində rayonda 4467-si daimi olmaqla 15403 yeni iş yeri yaradılmışdır.
Cənab başçı 2013-cü ildə qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın son ilində Proqramda nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə nail olmalıyıq. Artıq cari ildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması, qəza vəziyyətində olan Əhmədbəyli kənd orta məktəbi üçün 360 şagird yerlik, Qarabağlar orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisi, Alabaşlı, Qırmızı Samux qəsəbə və Zazalı kənd orta məktəblərinin əsaslı təmir olunması reallaşmışdır. Yaxın vaxtlarda bu sahələrdə işə başlanacaqdır.
2013-cü ildə rayonun qəsəbə və kəndlərində bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binasının, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri sahəsində işlər aparılır.
Eyni zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, əhalinin ərzaq təminatının və məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu istiqamətdə müvafiq işlər aparılır.
Ölkə başçısı tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur.
Ümumiyyətlə 2013-cü ildə rayonda daha böyük layihələrin həyata keçirilməsi gözlənilir.
Məruzə ətrafında çıxışlarda və zalda quraşdırılmış mikrofonlardan rayonun sakinləri tərəfindən bir sıra problemlərin həll edilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. Təkliflərin həlli ilə bağlı görüləcək işlər qərar layihəsində öz əksini tapmışdır.
Hesabat yığıncağında Milli Məclis sədrinin müavini, Samux rayonundan seçilmiş Millət Vəkili Valeh Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış etmişlər. Hər iki natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizdə sosial-iqtisadi və xarici siyasətdə əldə olunmuş möhtəşəm nailiyyətlər haqqında ətraflı məlumat vermişlər.
Hesabat yığıncağının sonunda qərar layihəsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.