Samuxda mal-qara dabaq əleyhinə peyvənd edilir
Samuxda iribuynuzlu mal-qaranın yoluxucu xəstəliklərdən qorunması və onların baş sayının artırılması məqsədi ilə rayon Baytarlıq İdarəsinin həkimləri profilaktik tədbirləri davam etdirirlər. Baytarlar plana uyğun olaraq iribuynuzlu heyvanları dabaq əleyhinə peyvənd edirlər.
Samux rayonunda əvvəllki illərlə müqayisədə iribuynuzlu heyvanların baş sayı 700, xırda davarların baş sayı isə 2 minədək artıb. İndi rayonda 21 min baş iri buynuzlu mal-qara, 163 min baş xırda davar bəslənilir. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər hesabına yeni yaradılan Bozdağ Fermer Təsərrüfatı rayonda heyvandarlığın inkişafına geniş imkanlar açıb. Hazırda təsərrüfatda “Aqrolizinq” yolu ilə gətirilən 2500 baş cins mal-qara bəslənilir. Samux rayon Baytarlıq İdarəsinin əməkdaşları iri buynuzlu heyvanlardan brusellyoza qarşı qan nümunələri götürüb, “Qarayara” və “Nodulyar dermatit” virusu əleyhinə peyvənd ediblər.
Mürvət Bağırov- Samux rayon Baytarlıq İdarəsinin rəisi: “Dekabr ayının birindən iribuynuzlu heyvanlar arasında dabaq əleyhinə peyvəndləmə kompaniyasına başlamışıq. Artıq Samux rayonunun 35 yaşayış məntəqəsinin 12-də bu tədbirlər uğurla yerinə yetirilib. Nəzərdə tutulub ki, ayın sonunadək bütün təsərrüfatlarda peyvəndləmə yekunlaşsın”.
Rayonda iri və xırda buynuzlu heyvanlar arasında ciddi yoluxucu xəstəliklər müşahidə olunmayıb və epizootik vəziyyət sabitdir.