Samux rayonunda “9 Noyabr Dövlət Bayrağı Günü” qeyd olundu.
YAP Samux Rayon təkilatının akt zalında Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı və digər məsul işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Samux Rayon İcra Hakimiyyəti Başçısı Alı Qocayev açaraq bu münasibətlə tədbir iştirakçılarını təbrik etdi. Qeyd olundu ki, Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib. Lakin dövlət müstəqilliyimizin elan olunmasından əvvəl, sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda üçrəngli Azərbaycan bayrağını ucaltmışdı. Belə ki, 1990-cı il iyulun 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışından sonra, 1990-cı il noyabrın 17-də ulu öndərin rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti "Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.
Bu gün Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanının salınması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızın bariz nümunəsidir.
Konfransda iştirak edən digər natiqlər də öz çıxışlarında Dövlət Bayrağımız haqqında geniş bəhs etdilər.