Samux inkişafın yeni mərhələsində
Əvvəlki illərdə olduğu kimi, 2015-ci il də Samux rayonu üçün uğurla başlamışdır. Cari ilin doqquz ayında rayon iqtisadiyyatının inkişafı istiqamətində müəyyən tədbirlər və geniş tikinti - quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Əsas iqtisadi göstəricilərin təhlili bunu deməyə əsas verir. Belə ki, ilin əvvəlindən 82 milyon 608 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun həcmi 19,5 faiz artaraq 3724,5 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 9,3 faiz artaraq 49078 min manat olmuşdur.
Bütün bu rəqəmlər və faktlar barədə rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin məruzəsində ətraflı söhbət açılmışdır. Qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində rayonda ardıcıl iş aparılır. İnşasına keçən il başlanmış, hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçasında işlər tam başa çatdırılmış, bağçalar lazımi inventar və avadanlıqla təmin olunaraq, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir. Bağçalardan birinin yerləşdiyi və uzunluğu 2 kilometr olan Kür küçəsində yenidənqurma işləri aparılmışdır. Küçənin hər iki tərəfinə bardür düzülərək səki salınmışdır.
Samux şəhər 3 saylı uşaq bağçasının həyətində də tikinti — abadlıq işləri həyata keçirilmişdir. Bağçanın ətrafına daş və dəmir hasarlar çəkilmiş, suötürücü xətlər salınmışdır. Burada yeraltı su xətləri çəkilərək bulaq inşa edilmiş, su çəni quraşdırılmışdır. Uşaqların istirahəti üçün 50 kvadratmetr sahəsi olan köşk və 100 kvadratmetrlik meydan salınmışdır.
Şəhərin Heydər Əliyev prospektinin başlanğıc hissəsində Nizami və Sabir küçələrinin birləşdirilməsi üçün 150 metr uzunluğunda yeni yol salınmış, yolun sağ və sol tərəflərinə bardür düzülmüş, küçənin piyada hissəsinə tamet vurulmuş, ətrafa dekorativ ağaclar və çiçəklər əkilmişdir. Şəhərin Alıncalı küçəsində 6831 kvadratmetr hamarlama işləri aparılmış, 6305 kvadratmetr sahəyə qum-çınqıl qarışığı verilmiş və 5930 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda, əhalinin istifadəsi üçün 550 metr uzunluğunda su xətti çəkilmişdir. Qələbə və Nəsimi küçələrində yenidənqurma işləri aparılaraq, asfalt örtüyü salınmışdır. Məhəmməd Əsədov küçəsində yenidənqurma işləri aparılmışdır. Küçədə su arxları betona alınmış və bu işlərə 73 kubmetr beton sərf olunmuş, yeni su ötürücüləri salınmışdır. Yolun 3040 kvadratmetr sahəsinə qum-çınqıl qarışığı verilərək hamarlanmış və 2280 kvadratmetr sahəyə yeni asfalt örtüyü salınmışdır. Elçin Məmmədov küçəsində su arxları, suötürücü borular və kommunikasiya xətləri yenilənmiş, səkilər yenidən qurulmuşdur. İsrafil Məmmədov küçəsinin yeni yaşayış massivinə keçən hissəsi əsaslı təmir olunmuşdur. Seyidlər kəndində eni 4,6 metr olan kənddaxili yolun 500 metr hissəsinə asfalt örtüyü salınaraq istifadəyə verilmişdir.
Bu ilin ötən ayları ərzində rayonun Qovlarsarı kəndində yaşayış binalarının qarşısı asfaltlanmış, dekorativ ağaclar əkilmiş, kənddaxili yollarda cari təmir işləri aparılmışdır. Əhalinin sağlamlığının təmin edilməsi üçün yeddi otaqdan ibarət kənd tibb məntəqəsi üçün yer ayrılaraq tikinti işlərinə başlanılmış və hazırda burada tamamlama işləri həyata keçirilir. Kənddə stadion tikilib istifadəyə verilmiş və məktəbin idman zalı müasir idman avadanlığı ilə təchiz edilmişdir.
Sarıqamış kəndi ərazisində qara-mal üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər davam etdirilmişdir. Hazırda kompleksdə saxlanılan cins heyvanların baş sayı 2700-ə çatdırılmışdır. Burada gün ərzində 5 000 litr süd istehsal olunur.
Bu ilin oktyabr ayının 1- dək 9266 hektar sahədə taxıl biçini aparılaraq 30 min tondan çox məhsul yığılmış və məhsuldarlıq orta hesabla 32,5 sentner təşkil etmişdir. Sahələrdən 4361 ton kartof, 6580 ton tərəvəz, 4317 ton bostan bitkiləri, 2730 ton günəbaxan, 373 ton qarğıdalı toplanmışdır. Bu günədək 5437 ton meyvə, 4008 ton üzüm istehsal olunmuşdur. Məhsul yığımı davam edir.
Bununla bərabər, rayonda suvarmanın səmərəli təşkili məqsədi ilə 9 ay ərzində 273 ədəd nasos, 61 ədəd elektrik avadanlığı təmir edilmişdir. Burunqovaq kəndində kəndi, o cümlədən əkin və örüş sahələrini subasmalardan qorumaq məqsədi ilə 1,1 kilometr üzunluğunda yeni kanal çəkilmiş və Qabırrı çayının yatağı dəyişdirilmişdir. Nəticədə, 1000 hektardan çox sahə əkinə və örüşə yararlı vəziyyətə gətirilmişdir.
Rayon əhalisinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün 2015-ci ilin doqquz ayı ərzində 17 ədəd müxtəlif güclü transformator əsaslı, 28 ədədi isə cari təmir edilərək istismara verilmişdir. Qəsəbə və kəndlərdə yararsız dayaqlar yeniləri ilə əvəz edilmişdir.
Rayon icra hakimiyyətində yaradılmış “Qaynar xətt”ə daxil olan məlumatlar, səyyar və fərdi qəbullardakı müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi ilə təminatında müəyyən problemlər mövcuddur. Xüsusilə, küləkli havalarda rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verlişində fasilələr yaranır. Elektrik şəbəkəsinin rəhbərliyi bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hazırda rayonun 27 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur. 2015-ci ilin doqquz ayı ərzində 147 yeni əhali abonenti qeydiyyata alınmışdır. Qaraarx, Qarayeri qəsəbələrində və Samux şəhərində, bütövlükdə 800 metrə yaxın yeni qaz xətti çəkilərək şəbəkəyə qoşulmuşdur. İstismara yararsız qaz tənzimləyiciləri yeni müasir qaz tənzimləyiciləri ilə əvəz edilmişdir. İnstitut qəsəbəsində və Çobanabdallı, Tatlı, kəndlərində dayaqlar dəyişdirilmiş, qaz xətləri rənglənmişdir.
2015-ci ilin əvvəlindən rayonun Kür çayının sol sahilində yerləşən və indiyədək heç vaxt təbii qazı olmayan Qırmızı Samux qəsəbəsinə, Yenikənd və Lüksemburq kəndlərinə qaz xəttinin çəkilişinə başlanmışdır. Abonentlərin sayı 246 nəfər olan Yenikənd kəndində daxili qaz xətlərinin çəkilişi tam başa çatdırılmışdır. Abonetlərin sayı 196 nəfər olan Lüksemburq kəndində də daxili qaz xəttinin çəkilişi başa çatdırılmış, sayğacların quraşdırılmasına başlanmışdır. Qırmızı Samux qəsəbəsində daxili qaz xətlərinin çəkilişi davam etdirilir.
2015-ci ilin doqquz ayında Samux Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 413 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz azdır. Müraciətlərdən 225-i yerli sakinlərdən, 154-ü isə respublikanın yuxarı təşkilatlarından daxil olmuşdur. 9 ay ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
İstər rayon rəhbərinin məruzəsindən, istərsə də ayrı- ayrı çıxışlardan bir daha aydın olmuşdur ki, Samux inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Ona görə də qərara alınmışdır ki, bütün qüvvələr səfərbər olmalı, hər bir sahədə məsuliyyət hissi yüksəldilməli, il uğurla yola salınmalıdır.