Samux şəhər 1 saylı məktəb-litseyin müəllim və şagird kollektivi “Uşaq hüquqları” aylığı çərçivəsində Gəncə Regional Mərkəzdə keçirilən tədbirdə iştirak etmişlər.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ötən illərdə olduğu kimi, bu il də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürüb.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında təsisatının əkdaşları tərəfindən uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edən dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur.
Gəncə Regional Mərkəzi Samux şəhər 1 saylı məktəb-litseydə adı çəkilən aylıq çərçivəsində müəllim və şagird kollektivlərinin iştirakı ilə tədbir keçirilib. Regional mərkəzin rəhbəri Səbuhi Abbasov Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan hüquqları, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri, o cümlədən “Uşaq Hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi və təmini sahəsində gördüyü işlər, həmçinin E.Süleymanovanın təşəbbüsü və səyləri ilə uğurla həyata keçirilən uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı bəhs edilib, Müvəkkil Aparatında fəaliyyət göstərən Uşaq hüquqları üzrə 916 saylı qaynar xətt tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirdə iştirak edən şagirdlərə Ombudsmanın 10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü münasibətilə elan etdiyi “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsində fəal iştirak etmələri tövsiyə olunub.