YAP Samux rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş olub.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. Bildirilib ki, seçkilərlə bağlı seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Belə ki, son dəqiqləşməyə görə, 102 saylı Samux-Şəmkir seçki dairəsi ərazisində 44713 seçici qeydiyyatdadır. Onların 264 nəfəri ilk dəfə səs verənlərdir.
G. Bayramov diqqətə çatdırıb ki, bütün siyasi kampaniyalarda olduğu kimi, bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və Samux rayonunda seçkilərin şəffaf, demokratik və yüksək seçici fəallığı şəraitində keçirilməsinə töhfələr verəcəklər.
Görüşdə çıxış edən Samux Rayon Gənclər və İdman idarəsinin rəisi Rəşad Qarayev dövlətin gənclər siyasətindən danışaraq deyib: “Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclər fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib”.
Partiyanın da gənclərə xüsusi münasibət bəslədiyini qeyd edən Rəşad Qarayev bildirib ki, Yeni Azərbaycan Partiyası regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə liderdir.
Samux İHBA-nın məsul işçisi, Rayon Ziyalılar Cəmiyyətinin sədri Zakir Rzayev ilk dəfə səs verəcək gəncləri əlamətdar hadisə -seçkidə iştirak münasibətilə təbrik edib. O, gənclərin hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb, dövlət gənclərin siyasətinin uğurla həyata keçirildiyini vurğuluyub.
İlk dəfə səs verəcək Arzu Bayramov çıxış edərək gənclərə qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasının və Samux rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz minnətdarlığı bildirib. Qeyd edib ki, gənclər bu seçki prosesində fəallıq göstərərək kütləvi şəkildə məntəqələrə gedib səs verməlidir.
Samux rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev çıxış edərək deyib: “Gənclər fikirlərini bu gün təkcə sosial şəbəkələrdə deyil, öz valideynləri və ağsaqqallar ilə də bölüşməlidir. Onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında aktiv rol oynamalı, siyasi oyunların alətinə çevrilməməli, yaxınlarını da bu cür mənfi tendesiyalardan çəkindirməlidirlər”.