Samux Rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
İyirmi dörd il öncə müstəqilliyini bərpa etmiş ölkəmiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətli iqtisadi inkişafına görə beynəlxalq aləmdə güclü nüfuz sahibi kimi tanınır. Artıq ölkə həyatının bütün sahələrində köklü islahatlar aparılaraq, mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçid başa çatdırılmış, Azərbaycan böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı kimi regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilməsi, neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanda davamlı və tarazlı inkişafın təməli qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır.
Bu tendensiya cari ilin ötən dövründə də davam etmiş, ölkəmizdə gedən sürətli inkişaf və tərəqqi meyilləri beynəlxalq maliyyə və reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilmişdir. Bu ilin əvvəlindən ölkə başçısının göstərişinə uyğun olaraq ölkə iqtisadiyyatına kənardan mənfi təsirlərin minimuma endirilməsi istiqamətində atılmış qətiyyətli addımlar Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən birmənalı olaraq bəyənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu və digər məsələlər geniş təhlil olunmuş, ölkəmizin qarşıdakı dövr üçün sosial-iqtisadi inkişafının prioritet istiqamətləri nəzərdən keçirilmişdir.
Son zamanlar getdikcə artmaqda olan beynəlxalq təzyiqlərə, Azərbaycanın inkişafına qısqanclıqla yanaşan daxili və xarici qüvvələrin ciddi cəhdlərinə baxmayaraq, ölkəmizin uğurları sözün əsl mənasında tarixi xarakter daşıyır. Dünyanı bürüyən növbəti maliyyə böhranı, neftin qiymətinin aşağı səviyyədə olduğu bir şəraitdə iqtisadiyyatımızın inkişafı davam etmişdir. Cari ilin 6 ayında ölkəmizin dinamik sosial-iqtisadi inkişafını xarakterizə edən əsas göstəricilər müsbətə doğru dəyişmişdir. Altı ayda ölkə iqtisadiyyatı 5,7 faiz artmış, qeyri-neft sektorunda 9,2 faiz artım qeydə alınmışdır ki, bu da ölkəmizin dinamik inkişafını sübut edir. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir.
Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün 74 milyon manat vəsait ayrılmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25 milyon manat vəsait yönəldilmişdir.
Ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin əyani təcəssümü olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə altı ayda iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilmişdir.
Cari ilin fevral ayında manatın devalvasiyasına baxmayaraq, Azərbaycanda inflyasiya cəmi 3,5 faiz təşkil etmişdir. Bununla yanaşı, əhalinin pul gəlirləri ənənəvi olaraq inflyasiyanı üstələyərək 6,2 faiz artmışdır.
Kənd təsərrüfatında 7,3 faizlik artım qeydə alınmışdır. Aqrar sahədə qeydə alınmış bu artım, həm də ölkəmizdə elan olunmuş “Kənd təsərrüfatı” ili çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir.
Azərbaycanın iqtisadi inkişafının davamlı olduğunu təsdiq edən amillərdən biri də uğurlu investisiya siyasəti ilə bağlıdır. Bu ilin 6 ayında ölkə üzrə 12,7 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da əksər hissəsini xarici investisiyalar təşkil etmişdir. Xarici sərmayələrin üstünlük təşkil etməsi isə Azərbaycanın investisiyalar üçün çox cəlbedici ölkə olmasını bir daha təsdiqləyir.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın başlıca hədəfi iqtisadiyyatı şaxələndirməklə, qeyri-neft sektorunu inkişaf etdirmək hesabına ölkədə yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Bu ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimidir. Bütövlükdə isə son 12 il ərzində Azərbaycanda 1 milyon 400 min iş yeri açılmışdır. Bunun da 1 milyonu daimi iş yeridir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müşavirədəki yekun nitqində səsləndirdiyi fikirlər vətəndaşların nikbinliyini bir qədər də artırdı. Belə ki, Azərbaycanda makroiqtisadi sabitliyin qarşıdakı aylarda da təmin olunacağını əminliklə söyləyən dövlət başçısı, ilk növbədə, inflyasiyanın arzu olunan həddə saxlanılmasının vacibliyini diqqətə çatdırdı. Eyni zamanda, ilin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini bildirən dövlət başçısı qarşıdakı aylarda kənd yollarının tikintisinin sürətləndirilməsi üçün bütün tədbirlərin görüləcəyini diqqətə çatdırdı, ölkə ərazisinin qazlaşdırılması ilə bağlı işlərin daha da sürətlə aparılmasını, eləcə də bölgələrdə elektrik enerjisi ilə təchizatın Bakıdakı kimi yüksək səviyyədə təmin olunmasını müvafiq qurumların qarşısında konkret vəzifə kimi qoydu.
Ölkə başçısı suvarma ilə bağlı layihələrin böyük hissəsinin başa çatmasını, Şəmkirçay, Taxtakörpü su anbarlarının tikilib istifadəyə verilməsini ölkəmizin böyük tarixi nailiyyəti kimi dəyərləndirməklə yanaşı, hazırda çəkilişi davam edən yeni kanallarda işlərin tamamlanması üçün ilin sonuna qədər büdcədən əlavə vəsaitin ayrılacağını bildirdi.
Nazirlər Kabinetinin iclasında ölkəmizdə sənayeləşmə prosesinin də uğurla getdiyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycanın hər bir rayonunda sənaye zonalarının və sənaye parklarının yaradılacağını bildirdi. Qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsinə nail olmaq üçün ölkədə sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi önə çəkərək fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilməsinin davam etdirilməsi ilə yanaşı, faiz dərəcələrinin bir qədər də aşağı salınması ilə bağlı təklifləri müsbət qarşıladı. Bununla yanaşı, sahibkarları da məsuliyyətli olmağa dəvət edən dövlət başçısı vergilərin də vaxtlı-vaxtında ödəməyin vacibliyini onların diqqətinə çatdırdı. Bir çox hallarda sahibkarlardan əsassız ödənişlərin tələb olunması kimi neqativ halların dərhal aradan qaldırılması ilə bağlı sərt mövqeyini ortaya qoymaqla yanaşı, iş adamlarını da bununla bağlı mübariz olmağa səslədi.
Yekun nitqində Avropa Oyunlarının keçirilməsini ölkəmiz üçün, Avropa üçün tarixi hadisə olduğunu diqqətə çatdıran ölkə başçısı, bu mötəbər idman yarışmasını ölkəmizin gücü, potensialı kimi dəyərləndirmiş və idmançılarımızın komanda hesabında ikinci yerə çıxaraq 21-i qızıl olmaqla 56 medal qazanmasını Azərbaycanın idman dövləti, Azərbaycanın güclü dövlət olmasını bir daha sübut etdiyini vurğulamışdır.
Məlumat üçün bildirirəm ki, Bakı 2015 Avropa Oyunlarının Məşəl estafeti və Qarşılanma mərasimi rayonumuzada da böyük ruh yüksəkliyi ilə keçirildi. Tədbir zamanı göstərilən xidmətlər yüksək standartlara uyğun təşkil edilmişdir. Təsadüfi deyildir ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi adından rayon İcra Hakimiyyətinə təşəkkür məktubu daxil olmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2015-ci il də rayonumuz üçün uğurla başlamış, cari ilin birinci yarısında rayon iqtisadiyyatının inkişafı istiqamətində müəyyən tədbirlər və geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir. Altı ay ərzində bütün sahələrdə müsbət nəticələr əldə olunmuşdur. 2015-ci ilin birinci yarısının yekunlarının əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir.
İlin əvvəlindən 47 milyon 468,7 min manatlıq və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat müəssisəsi 1288,8 min manatlıq və ya 4,8 faiz çox, rabitə müəssisələri 323,6 min manatlıq və ya 4,8 faiz çox xidmətlər göstərmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiya 9,0 faiz artaraq 3 milyon 59 min manat təşkil etmişdir. Tikinti- quraşdırma işlərinə qoyulan investisiyanın həcmi 2 milyon 820 min manat və ya 13,1 faiz çox olmuşdur.
Pərakəndə ticarət şəbəkəsində əhaliyə 40 milyon 466,6 min manatlıq və ya 9,0 faiz çox istehlak malları satılmışdır. Əhaliyə 11 milyon 357,6 min manatlıq pullu xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 48,6 faiz çoxdur.
Əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılmış və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 421-i daimi olmaqla 476 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 211-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 81 layihə üzrə verdiyi 1066,0 min manat güzəştli kreditin hesabınadır.
2015-ci ilin birinci yarısında 426 ailə ünvanlı sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Bunlardan 409 ailəyə sosial yardım təyin olunmuşdur ki, bu da aztəminatlı 1765 nəfərin yaşayışına əhəmiyyətli dərəcədə kömək göstərir. 01.07.2015-ci il tarixinə 897 ailə ünvanlı sosial yardım alır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,3 faiz azdır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 161,92 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 18 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
Belə ki, 6 ay ərzində inşasına keçən il başlanmış hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçasında işlər tam başa çatdırılmış, hər iki bağça bütün lazımi inventar və avadanlıqlarla təmin olunaraq, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir. Bağçalardan birinin yerləşdiyi, uzunluğu 2,0 km olan Kür küçəsində yenidənqurma işləri aparılmışdır. Küçənin hər iki tərəfində 800 p.metr bordür düzülərək səki salınmışdır. Küçədə olan köhnə çəpərlər sökülərək, yeni hasarlarla əvəz edilmişdir. Evlərin fasadları və hasarlar tam suvanmışdır. Burada 800 kv.metr hörgü, 1822 kv. metr suvaq işi aparılmış, küçəyə yeni asfalt örtüyü salınmışdır.
Samux şəhər 3 saylı uşaq bağçasının həyətində tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bağçanın ətrafına 15 metr daş və 15 metr dəmir hasar çəkilmiş, su ötürücü xətlər salınmışdır. Burada yeraltı su xətləri çəkilərək bulaq inşa edilmiş, su çəni quraşdırılmışdır. Uşaqların istirahəti üçün 50 kv.metr sahəsi olan köşk inşa edilmiş, 100 kv.metr sahəsi olan meydan salınmışdır. Bağçanın həyətindən yararsız elektrik dirəkləri kənarlaşdırılmış, həyətdə yeni qazon sahələri yaradılmış və dekorativ ağaclar əkilmişdir.
Heydər Əliyev prospektinin başlanğıc hissəsində N. Gəncəvi və M.Ə.Sabir küçələri arasında 150 metr uzunluğunda yeni yol salınmış, yolun sağ və sol tərəflərinə 300 p.metr bordür düzülmüşdür.
Şəhərin Alıncalı küçəsində 1,2 km uzunluğunda yeni asfalt örtüyü salınmış, əhalinin istifadəsi üçün 550 metr uzunluğunda su xətti çəkilmişdir. Qələbə və Nəsimi küçələrində ümumilikdə 0,8 km uzunluğunda yenidənqurma işləri aparılaraq asfalt örtüyü salınmışdır.
Məhəmməd Əsədov küçəsinin əsaslı təmirinə başlanmış, su arxları, suötürücü borular və komunikasiya xətləri yenilənmiş, küçənin işıqlanma sisteminin qurulması üçün hazırlıq işləri aparılmış və hazırda işlər davam etdirilir. Seyidlər kəndinin mərkəzi hissəsindən keçən yola 500 metr uzunluğunda yeni asfalt örtüyü salınmışdır.
Qovlarsarı kəndində ictimai yaşayış binalarının qarşısında istirahət köşkləri inşa edilmiş, ətraflarında dekorativ ağaclar və gül kolları əkilmişdir. Binaların fasadları və hasarlar suvanaraq rənglənmiş, meydanlara yeni asfalt örtüyü salınmışdır. Kənddə əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcək kənd tibb məntəqəsinin yeni binasının tikintisi məqsədi ilə müvafiq sahə ayrılmış və tikinti işlərinə başlanmışdır. Hazırda binanın tikintisində işlər davam etdirilir.
Rayon Telekommunikasiya Qovşağının inzibati və yardımçı binalarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin inzibati - laboratoriya binasının tikintisində işlər davam etdirilmiş, hazırda hər iki binada son tamamlama işləri həyata keçirilir. Eyni zamanda Qarabağ müharibəsi və şəhid ailələri üçün 4 fərdi evin inşası davam etdirilir.
Yenukənd kəndində yaşıl marketin tikintisinə başlanmışdır.
Birinci yarımildə Qarayeri-Qaraarx yolunun əsaslı təmirinə başlanmış, hazırkı vaxta yolun 2 km-lik hissəsinə yeni asfalt örtüyü salınmışdır. Rayonun Qarayeri və Qırmızı Samux qəsəbələrində, Sarıqamış, Qovlarsarı, Yenikənd, Salahlı, Burunqovaq və Hacıalılı kəndlərində daxili küçə və yollarda təmir işləri aparılmışdır. Bu istiqamətdə də işlər davam etdirilir.
2015-ci ilin altı ayı ərzində bütün istiqamətlərdə yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, keçid boruların giriş-çıxış hissələri təmizlənmiş, qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir. Gəncə - Samux, Samux-Çobanabdallı-İnstitut, Samux-Yenikənd-Poylu, Qovlarsarı-Qaraarx istiqamətində avtomobil yollarında asfalt beton qarışığı ilə cari və orta təmir işləri aparılaraq, 12770 m2 sahədə asfalt işləri yerinə yetirilmiş, Gəncə-Samux avtomobil yolunda 2 ədəd yol nişanı quraşdırılmışdır. Eyni zamanda Qırmız Samux, Yenikənd-Poylu, Burunqovaq, Kəsəmən avtomobil yollarında 28000 m2 sahədə çınqıl materialı ilə təmir işləri görülmüşdür. Gəncə - Samux, Samux-Çobanabdallı-İnstitut, Samux-Yenikənd, Samux-Lək avtomobil yollarında 2833m2 sahədə boya ilə yol avadanlıqları, bardür daşları, körpü məhəccərləri və yollarda xətlənmə işləri aparılmışdır.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, 6 ay ərzində 308 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 3-ü hüquqi şəxslərdir. Hazırda ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 82,4 faiz təşkil edir. 6 ay ərzində Sarıqamış kəndi ərazisində 2500 başlıq iri biynuzlu malqara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər davam etdirilmişdir. Hazırda kompleksdə saxlanılan iribuynuzlu cins mal-qaranın baş sayı 2000-ə çatdırılmış və 700 baş bala alınmışdır. Gün ərzində 5 000 litr süd istehsal olunur.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa etdirilən “Aqroenerji” kompleksinin tikintisində işlər sürətləndirilmişdir. Burada 7860 ədəd günəş paneli quraşdırılmışdır ki, buda 2,8 meqa vatt günəş enerjisinin istehsal olunmasına imkan verəcəkdir. Kompleksin inzibati binasının daxilində aparılan işlər başa çatmaq üzrədir.
Bununla bərabər rayonda sahibkarlar tərəfindən faraş tərəvəz məhsulları yetişdirilməsi üçün bir neçə istixanalar qurulmuş, 40 hektar yeni üzüm bağı, 5 hektardan çox meyvə bağı salınmışdır.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 2015-ci ilin məhsulu üçün bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 11376 hektar sahədə şum qaldırılmış 9629 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Bundan 4787 hektarı buğda, 4371 hektarı dən üçün arpa, 471 hektarı xəsil məqsədi ilə əkilmişdir. 01 iyul 2015-ci il tarixə 3814 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bundan 423 ha çoxillik otlar, 307 ha şəkər çuğunduru, 1635 ha günəbaxan 247 ha kartof, tərəvəz 673 ha ,324 ha bostan,132 ha qarğıdalı, 26 ha pambıq, 9 ha paxlalılar, 39 ha toxumluq üçün tərəvəz əkilmişdir. 2015-ci ilin 01 iyul tarixinə 8 583 ha sahədə taxıl biçini aparılaraq 27 757 ton məhsul yığılmışdır ki, məhsuldarlıq orta hesabla 32,3 sentner təşkil etmişdir. Bundan
4 101 ha buğda səhəsindən 13 384 ton, 4482 ha arpa sahəsindən 14373 ton məhsul əldə edilmişdir.
2015-ci ilin 01 iyul tarixinə iri buynuzlu mal-qaranın sayı 20867 baş olmuşdur. Bundan ana inək və camışların sayı 10155 baş təşkil edir. Qoyun və keçilərin sayı 166109 baş təşkil edir. Hesabat dövründə 2616 ton diri çəkidə ət, 8392 ton süd, 3845 min ədəd yumurta istehsal olunmuşdur.
Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən 885 nəfər buğda istehsalçısına 94552 manat məbləğində yardım Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, 1 907 saylı sərəncamına uyğun olaraq 2015-ci ildə rayonun 23 ərazi komissiyası üzrə 7332 nəfər istehsalçıya 889646,5 manat yardım hesablanaraq respublika komissiyasına təqdim edilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservis” filialı tərəfindən güzəştli şərtlərlə 70 istehsalçıya 216 ton azot, 10,5 ton fosfor və 24,85 ton amofoz gübrəsi 70 faiz güzəştlə satılmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2015-ci il tarixli Sərəncamı bunun əyani sübutudur. Həmin sərəncama əsasən 2015-cü ildə rayonun ən çox ehtiyac duyulan ərazilərində 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. 6 ay ərzində bununla bağlı yerlərin müəyyən edilməsi və texniki şərtlərin hazırlanması işləri aparılmış və hazırda 7 ədəd subartezian quyusunun qazılması başa çatdırılmışdır. Digər 4 quyunun qazılmaısı davam etdirilir.
Bununla bərabər rayonda suvarmanın səmərəli təşkili məqsədi ilə 6 ay ərzində 185 ədəd nasos, 39 ədəd elektrik avadanlıqları təmir edilmişdir. Suvarmaya xidmət göstərən subartezian quyularının işlək vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlərin görülməsinə baxmayaraq, burada gecikmə hallarına da yol verilmişdir. Kanallarda 285 min m3 lildən təmizləmə, 63 min m3 sahilbərkitmə işləri görülmüşdür. Kanallarda 29 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki postlar təmir edilmiş, kanalların kol-koslardan təmizləmə işləri aparılmışdır. Gəncə, Qoşqar və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Bununla bərabər rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ suvarma suyuna ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi bu cür yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon əhalisinin dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2015-ci ilin altı ayı ərzində 17 ədəd müxtəlif güclü transformator əsaslı, 68 ədədi isə cari təmir edilərək istismara verilmişdir. Qəsəbə və kəndlərdə 187 ədəd 0.4 kv-luq və 68 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir. 10 kv-luq və 0,4 kv-luq xətlər isə cari təmir edilmişdir. 2015-ci ilin altı ayı ərzində rayon ərazisində 8 ədəd yeni müxtəlif güclü transformator quraşdırlımış, əlavə olaraq 14 ədəd yeni trasformator quraşdırılması nəzərdə tutulmuşdur. Rayon mərkəzinin elektrik şəbəkəsinin yenidən qurulmasına, özü izolasiya olunan naqillərin (OİN) çəkilişinə başlanmışdır. Artıq bu işlər şəhərin Yeni Nəbiağalı adlanan yaşayış massivində bu işlər başa çatmışdır. Hazırda Samux şəhərində özü izolasiya olunan naqillərlə kabel xətti çəkilişi davam etdirilir. Altı ay ərzində abonentlərə 380 ədəd yeni, sayğac dəsti quraşdırılmışdır.
Rayon icra hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektirik enerjisi ilə təminatında müəyyən problemlər mövcuddur. Xüsusilə küləkli havalarda rayonun bir çox yaşayış məntəqələrində elektrik enerjisinin verlişində fasilələr yaranır. Elektrik Şəbəkəsinin rəhbərliyi bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Birinci yarımildə əhali təbii qazla əsasən fasiləsiz olaraq təmin olunmuşdur. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılmışdır. Hesabat dövründə 470 qaz sızması aşkar olunmuş və təcili olaraq qarşısı alınmışdır. 6 ay ərzində 125 abonentin qaz xəttinə sayğac quraşdırılmışdır. Rayonun Yenikənd kəndinə təbii qaz xəttinin çəkilişinə başlanmışdır. Kəndin əhalisi 1325 nəfər, abonetlərin sayı 246 nəfərdir. Orta və aşağı təzyiqli xətlərin çəkilməsi üçün dayaqların basdırılması başa çatmış, hazırda kənddaxili xətlərin çəkilişi başa çatdırılmışdır. Bununla bərabər Lüksemburq kəndində təbii qaz xəttinin şəkilişinə başlanmışdır. Kəndin əhalisi 949 nəfər, abonetlərin sayı 196 nəfərdir. Paralel olaraq əsas qaz xəttinin çəkilişi davam etdirilir.
İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 91,9 faizi, təbii qazın dəyərinin 95,5 faizi yığılmışdır. İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin istehlakçılar tərəfindən vaxtında və tam ödənilməsinin təmin olunması üçün hər iki təşkilat qərargahla sıx əlaqədə işləməlidir.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Birinci yarımilin sonuna əsas telefon aparatlarının sayı 8297 ədəd təşkil etmişdir. Hesabat dövründə 712 ədəd yeni yüksəksürətli internet portu quraşdırılmış və onların sayı 3520-yə çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 2811 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 477 abonent və ya 20,4 faiz çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı yüksəksürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlər daha da sürətləndirilməlidir.
Poçt xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Lək kənd poçt şöbəsində kompüter dəsti quraşdırılmışdır. Hazırda Alabaşlı qəsəbəsində, Seyidlər və Fizuli kəndlərində poçt şöbələri üçün yeni binaların tikintisi ilə bağlı işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təşəbbüsü ilə 2015-ci ilin fevral ayının 3-dən ölkədə çox mühüm bir komaniyaya-əhalinin kütləvi müəyinəsinə başlanmış və may ayının 1-də uğurla başa çatdırılmışdır. Rayon əhalisinin 45 856 nəfəri və ya 81,0 faizi sorğu əsasında tibbi müayinədən keçmişdir. Müayinə olunanların 3 068 nəfəri və ya 6,8 faizi ambulator müalicəyə cəlb olunmuşdur. Onlardan 693 nəfərinin və ya 23 faizinin daha dərinidən müayinəyə ehtiyacı olmuşdur. 79 nəfəri və ya 11 faizi isə daha ətraflı müayinə olunmaq üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
2015-ci ilin birinci yarısında Samux rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 283 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 ərizə və ya 11,6 faiz azdır. Müraciətlərdən 156-sı yerli sakinlərdən, 127-si isə respublikanın yuxarı təşkilatlarından olmuşdur. 6 ay ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Hesabat dövründə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində 23 səyyar qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 74 müraciət edilmişdir. Müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təminatı, torpaq, suvarma suyu ilə təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı olmuşdur. Müraciətlərin 52-si (70,3 %) icra edilmiş, 22-i (29,7 %) hazırda icradadır.
Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər avtomobil yolunun və gəncə çayı üzərində körpünün tikintisinin müvəffəqiyyətlə başa çatdırılması əsas vəzifələrdəndir.
Növbəti yarımildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir.
Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi həyata keçirilməlidir.
2015-ci ildə rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının inşa edilməsi və əsaslı təmir olunması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsi, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri ilə bağlı tərəfimizdən işlər aparılır.
Eyni zamanda cari ildə şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir ki, bu istiqamətdə müvafiq işlər aparılır.
Ölkə başçısı tərəfindən 2015-ci ilin “ Kənd təsərrüfatı ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda toxumçuluq və heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır.
Ümumiyyətlə 2015-ci ildə rayonda daha böyük layihələrin həyata keçirilməsi gözlənilir.