Samux Rayon Heydər Əliyev Mərkəzində Samux rayonunda ilk dəfə olaraq İKT və İnformasiya Təhlükəsizliyi forumu keçirildi.
Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və digər tərəfdaş təşkilatların “Gənc Dost” GİB, “Doğma Vətən” İB, London Elm və Təhsil Mərkəzi və SKY Texnologynin birgə təşəbbüsü ilə Samux rayonunda ilk dəfə olaraq “İKT və İnformasiya Təhlükəsizliyi “forumu keçirildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti nümayəndələri, Samux Rayon Heydər Əliyev Mərkəzinin rəhbər və kollektivi, digər tərəfdaş təşkilatların nümayəndələri iştirak edirdi.
Forumu Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə açıq elan etdi və çıxışında qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Son 15 ildə bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılmış, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.
Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Elmar Qarayev çıxışın da vurğuladı ki, ulu öndər Heydər Əliyevin siyasi qətiyyəti sayəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ölkənin yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmaqla yanaşı, müasir rabitə və informasiya texnologiyalarının sürətlə tətbiqində də böyük canlanma yaratmışdır. Neft sektoruna və iqtisadiyyatın digər sahələrinə milyardlarla investisiya yatıran Qərb şirkətləri ölkədə informasiya cəmiyyətinin bərqərar olması prosesində yaxından iştirak etməyə başlamış, bu məqsədlə Azərbaycana ən yeni və zəngin resurslara malik texnologiyalar gətirilmişdir.
Daha sonra çıxış edən tərəfdaş təşkilatların rəhbərləri forumun gedişinə uğurlar arzuladılar.
Forum maraqlı panellərlə davam etdirildi. 24 İyun 2015 - ci il tarixində başlayan tədbir 2 gün davam etdi. Forumda iştirak edən iştirakçılar sertifikatla mükafatlandırıldı.