Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu İcra hakimiyyəti başçısı yanında şuranın “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması” mövzusunda növbəti iclası keçirildi.

26 may 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının gündəlik problemlərinin öyrənilməsində və həll olunmasında mühüm vasitə olan müraciətlərə baxılmasını yaxşılaşdırmaq, bu sahədə işi təkmilləşdirmək ardıcıl tədbirlər görülməsini  daim diqqətdə saxlayır.  Azərbaycan vətəndaşları dövlətimizin başçısının qayğı və diqqətini həmişə hiss edir və bunun real nəticələrini öz gündəlik həyatlarında görürlər. 2015-ci il aprelin 29-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” fərman və həmin fərmanla təsdiq edilmiş Qaydalar bu diqqətin daha bir nümunəsidir. Son illərdə dövlət qurumlarında bu işlərə diqqət daha da artırılıb. Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla ünsiyyəti daha da güclənir, yerlərdə keçirilən çoxsaylı səyyar qəbullarda sadə insanların problemlərinin yerində öyrənilib həll edilməsi üçün təsirli tədbirlər görülür.
Vətəndaşların müraciətlərini dərindən öyrənmək, qaldırılan problemləri operativ həll etmək üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Artıq bir çox dövlət qurumlarında videoqəbulların keçirilməsi, mərkəzləşdirilmiş çağrı və sorğu mərkəzlərinin tətbiqi adi hal alıb.  Bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün işlər ardıcıl davam etdirilir. Bütün bunlar vətəndaşlar tərəfindən son dərəcə müsbət qarşılanır.
Yeni yaradılan vahid elektron informasiya sisteminə gəldikdə isə qeyd etməliyik ki, hələ 2008-ci ildə dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində vətəndaşların müraciətlərinə baxılması işini təkmilləşdirmək məqsədilə müasir elektron informasiya sistemi yaradılıb.  Belə bir sistemin şəhər və rayon icra hakimiyyətlərində də tətbiqi Prezident tərəfindən zəruri hesab edilib və müvafiq fərman imzalanıb.
Vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin əsas iş prinsipləri ölkə başçısının fərmanında və təsdiq edilmiş qaydalarda öz əksini tapıb.  Fərmanda sistemin təsisçi-administratoru, operatoru və məsul şəxslərinin əsas vəzifələri konkret göstərilib və sistemin 2015-ci il iyulun 1-dək tətbiq olunacağı müəyyən edilib. Sistemin necə işləməli olduğu isə Qaydalarda göstərilib, onun məxfi sənədlərə şamil olunmadığı, digər kargüzarlıq işlərindən ayrı aparıldığı, vətəndaş müraciətlərinin qeydiyyatdan keçirilməsinə, onlara dair təhlillərin, statistik məlumatların və digər hesabatların əldə olunmasına imkan verdiyi konkret müddəalarda ifadə edilib.
Bu fərmanla elə bir mükəmməl sistem yaradılır ki, ondan eyni vaxtda çoxsaylı vətəndaşların istifadə etməsinin mümkünlüyü ilə yanaşı, bir-biri ilə uzlaşa bilən texnologiyalar, formatlar, protokollar və proqram-texniki vasitələr tətbiq edilir, informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyi, tamlığı, etibarlılığı, eyni zamanda, informasiya təhlükəsizliyi təmin olunur.
Vahid elektron informasiya sistemi yerli icra hakimiyyəti orqanlarına bilavasitə vətəndaşlardan və ya onların müraciətlərinə baxan subyektlərdən daxil olan təklif, ərizə və şikayətlərin operativ qeydə alınmasını, icrasını və arxivləşməsini təmin edən elektron məlumat bazasından və proqram-texniki vasitələrin məcmusundan ibarətdir.   Fərmanda və qaydalarda sistemin tətbiqinin konkret müddətləri və görüləsi işlər aydın göstərilib.  Bu sistem mərkəzləşdirilmiş server avadanlığı, informasiya sistemi istifadəçilərinin iş yerləri, mühafizə olunan rabitə kanalları, texniki vasitələr, yaddaş sistemləri, kommunikasiya avadanlığı, fasiləsiz enerji mənbəyi və digər proqram-texniki vasitələrdən ibarətdir.
Fərman imzalandıqdan dərhal sonra bu sistemin fəaliyyətini təmin edəcək müvafiq qurumların nümayəndələri ilə birlikdə şəhər və rayon icra hakimiyyətləri aparatlarında müvafiq hazırlıq işlərinə başlanılıb. Müəyyən olunmuş qrafik əsasında  şəhər və rayon icra hakimiyyətlərinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri müdirlərinin seminarları keçirilmiş, onlar müvafiq proqramla tanış edilmişdir.
Sistemin qurulması ilə bağlı rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə  lazım olan texniki vasitələrin, o cümlədən kompüter avadanlığının alınıb quraşdırılması təşkil olunuşdur.  İşin əsas mərhələsi, yəni bilavasitə həmin sistemin quraşdırılıb şəbəkəyə qoşulması başa çatmışdır.
Eyni zamanda rayon İcra Hakimiyyəti başçısının 13 may 2015-ci il tarixli  42 saylı Sərəncamı ilə bu işi yerinə yetirəcək şəxslərin müəyyən edilmiş və yeni proqramın fərmanda göstərilən müddətdə tətbiq olunmasında heç bir problem yaranmayacaqdır.
Qaydalarda həm təsisçi-administratorun, həm operatorun, eləcə də sistemin məsul şəxslərinin və istifadəçilərinin funksiyaları aydın göstərilir. Burada əsas məsuliyyət təsisçi-administratorun üzərinə düşür.  Təsisçi-administrator bütün sistemin fasiləsiz və ahəngdar fəaliyyətini təmin etmək üçün cavabdehlik daşıyır.  Bununla yanaşı,  hər bir iştirakçının vəzifə funksiyaları konkret müəyyənləşdirilib.  Burada həm texniki təchizat, proqram təminatı məsələləri, həm də sistem istifadəçilərinin müntəzəm təhsil və təliminin həyata keçirilməsi, informasiya sistemi istifadəçilərinin məlumatları informasiya sistemində vaxtında və düzgün qeydiyyatdan keçirməsi, bu məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi, onların, o cümlədən fərdi identifikasiya kodlarının qorunması, kənar şəxslərin sistemə icazəsiz girişinə yol verilməməsi, istifadə olunan kompüter avadanlığının virus və digər zərərverici proqramlardan müdafiəsi və digər məsələlər öz əksini tapıb.
Sistemin fəaliyyətinin təşkilinə gəldikdə, qaydalarda informasiya sisteminin məsul şəxsləri sistemlə əlaqədar bütün problemləri təsisçi-administratorla həll etməli olduğu göstərilib, informasiya sisteminin yerli icra hakimiyyəti orqanlarındakı iş yerlərinin mərkəzi serverlə əlaqələndirilməsi qaydaları, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu sahədəki vəzifələri  müəyyənləşdirilmişdir.
Tətbiq olunan yeni sistem təsisçi-administratora imkan verir ki, respublikanın bütün şəhər və rayonlarında vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasını, həmçinin respublika üzrə sistemə daxil edilən bütün məlumatları mərkəzi server vasitəsilə müşahidə etsin. Hətta müraciətlər barədə məlumatların Prezident Administrasiyasına elektron formada göndərilməsi də bu sistem vasitəsilə təmin ediləcək. Əgər müraciətlərin daxil olduğu andan onların icrası başa çatanadək bütün prosesləri müşahidə etmək mümkündürsə, onda gecikmələrin, yaxud müraciətə vaxtında və düzgün baxılmamasının qarşısı daha tez  alına bilər.
Ümumiyyətlə, təkcə vətəndaşların müraciətlərinə baxılmasına dair kargüzarlıq Qaydaları deyil, sənədlərlə işlə əlaqədar digər təlimat və qaydalarda da dəyişikliklər edilməsi labüddür.  Hazırda Milli Məclisdə müzakirə olunan “Vətəndaşların müraciətləri haqqında” Qanun layihəsi qəbul edildikdən sonra yaranacaq   hüquqi   normalardan,  Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il 4 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”dən, həmçinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli fərmanı ilə təsdiq edilmiş Qaydalardan irəli gələn məsələlər müvafiq sənədlərdə öz əksini  tapacaq.
Bütün bunlar müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan dövlətinin daha yüksək tərəqqisini və inkişafının təmin olunması, müxtəlif sahələrdə, o cümlədən sənədləşmə işində ən müasir texnologiyalardan və innovasiyalardan istifadə edilməsi, bununla əlaqədar qəbul edilmiş proqramların həyata keçirilməsi məqsədi daşıyır və hər bir dövlət qulluqçusu, hər bir məmur müasir elektron sənəd dövriyyəsinin əsaslarını öyrənməli və gündəlik işlərində geniş tətbiq etməlidir.

Keçidlər