44 günlük Vətən Müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin il dönümü mərasimi keçirilib.
44 günlük Vətən Müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin il dönümü mərasimi keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Vətən Müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətinin il dönümü ilə bağlı Samux rayonunun Seyidlər kənd qəbiristanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun imamı, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Şəfiyev Hidayət göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Şəfiyev Daşqın Hidayət oğlu 22 Avqust 1989-cu il Rusiyanın Krasnodar şəhərində doğulub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.Azərbaycan Ordusunun əsgəri olan Daşqın Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Samux rayonunun Seyidlər kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Şəfiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.