44 günlük Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun şəhadətinin ildönümü qeyd edildi.
44 günlük Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlunun şəhadətinin ildönümü qeyd edildi.
Gəncə şəhər şəhidlər xiyabanında dəfn olunmuş şəhid Musayev Ayxan Mehman oğlunun məzarı və ailəsi ziyarət olundu.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Vətən müharibəsi şəhidi Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixdə Samux şəhərində anadan olmuşdur. Gəncə şəhər 06 saylı tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak etmiş, böyük şücaət və qəhrəmanlıq göstərmişdir. 08 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 28 noyabr 2020-ci ildə xəstəxanada şəhadətə qovuşub. 29 noyabr 2020-ci il tarixdə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi.
Allahdan bütün şəhidlərə rəhmət diləyirik.