44 günlük Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
44 günlük Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü ilə bağlı Samux rayonunun Əhmədbəyli kənd qəbirstanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidimizin ailə üzvləri, Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.
Mərasimdə çıxış edən Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Bildirildi ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Şəhidin atası Cəsur Mürsəlzadə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Şəhidimizin doğum günündə şəhidin şərəfinə inşa edilmiş bulaq kompleksinin də açılışı oldu.
Mürsəlzadə Elməddin Cəsur oğlu 07 avqust 2000-ci il tarixdə Samux rayon Əhmədbəyli kəndində anadan olmuşdur. Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin məzunudur. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Gəncə Dövlət Universitetinin Pedaqoi fakültəsində qiyabi təhsil alırdı. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. 17 oktyabr 2020-ci ildə Samux rayon Əhmədbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" , “Cəbrayılın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.